Gürcüstanın Müdafiə Nazirliyi (MN) eks-prezident Mixail Saakaşvilinin dövlət hesabına uçuşları barədə məlumatları əks etdirən sənədlərin məxfiliyini aradan qaldıracaq.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Müxalif Vahid Milli Hərəkat Partiyası bir müddət öncə Baş nazir İrakli Qaribaşviliyə qarşı şəxsi xarici səfərlərdə büdcə vəsaitlərinin mümkün mənimsənilməsi işi üzrə istintaqa başlamaq tələbi ilə prokurorluğa müraciət edib.
“Müdafiə Nazirliyi eks-prezidentin hava səyahətinə dair sənədlərin məxfiliyinin açılması prosesinə başlayıb”, - məlumatda bildirilir.
Məsələni "Sherg.az"a şərh edən siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Saakaşvili fenomenini bir şəxsiyyət olaraq tarixdən silməyə və Gürcüstan xalqına unutdurmağa çalışırlar:
"Çünki Rusiyada baş verən hadisələr fonunda Gürcüstan tərəfdən də hansısa təhdidlər gözlənilir. Şimal qonşumuzun dünyanın bir çox nöqtəsində problemlər ilə başı qarışıb. Eyni zamanda Ukrayna da bataqlığa düşmüş vəziyyətdədir. Buna görə də Gürcüstanda əlavə problemlər istəmirlər. Hazırkı Gürcüstan iqtidarı Rusiya ilə münasibətlərdə problemlərdən qaçmağa meyilli siyasət xətti izləyir. Ancaq Gürcüstanda Saakaşvili dəsti-xəttinə qayıtmaqdan yana olan qüvvələr var. Yəni, onlar Avropaya sürətli inteqrasiya etmək və Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmaq istəyirlər. Buna görə də indi Gürcüstanda əsas məqsəd kimi Saakaşvili fenomenini məhv etməyə çalışırlar. Çünki həmin qüvvələrin ideal fiquru Saakaşvilidır. Saakaşvilini cinayət, ittiiham ilə həbs etməyə çalışsalar da, hələ də effektiv deyil. Çünki Gürcüstan xalqı müəyyən ölçüdə hər zaman onu dəstəkləyib və özlərini sipər ediblər. M.Saakaşviliyi rüşvətxor və dövlət büdcəsini talayan şəxs kimi əvvəlki nüfuzuna xələl gətirməyə çalışırlar. Bu antirusiya qüvvələrinin də əsas ilham aldığı bir dəyərin aradan qaldırılması deməkdir. Amma Saakaşviliyə qarşı irəli sürülən fikirlər rəsmi dövlət təsdiqini tapsa belə, Gürcüstan xalqı onun ideologiyasını dəstəkləmək fikrindən əl çəkməyəcək. Çünki xalq üçün Saakaşvilinin vəd etdiyi gələcək daha yaxşıdır".
Qeyd edək ki, Gürcüstan KİV-də yayılan məlumata əsasən, ölkənin Gürcüstan Müdafiə Nazirliyi ilə “Gürcüstan Hava Yolları” (Georgian Airways) arasında 24 milyon lari (təqribən 9 milyon dollardan artıq) məbləğində saziş bağlanıb və bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) hissəsi yalnız Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.