Rusiyanı dəstəkləyən istənilən ölkə Ukrayna üçün düşməndir
Ukrayna Şimali Koreya lideri Kim Çen İnin adını Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salıb.
Onun adı “Mirotvorets” resursuna daxil edilib.
Kim Çen İnin adı “Mirotvorets” saytının məlumat bazasına “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücum” ittihamı ilə əlavə edilib.
Kim Çen İnin adının "Mirotvorets" resursuna daxil edilməsini şərh edən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a açıqlamasında bildirib ki, hazırda Ukraynada gedən müharibə təkcə Rusiya və rəsmi Kiyev kontekstindən qiymətləndirilməli deyil: "Əslində Ukraynada faktiki olaraq Qərb ilə Şərq arasında mübarizə gedir. Şərq dünyası isə Rusiya, İran, Çin, Braziliya və Şimali Koreyadan ibarətdir. Buna görə də Şimali Koreyanın Rusiyaya köməyi gözlənilən hadisədir. Şimali Koreyanın sanksiyalara qoşulmayıb, Rusiyanı qınamaması özü bir dəstəkdir. Kim Çen İn bununla da kifayətlənməyərək Vladimir Putin ilə görüşür. Həmçinin açıq-aydın silah-sursat tədarükü və nüvə silahının tətbiqi ilə bağlı müzakirələr aparır. Hətta onların görüşündə nüvə silahının istehsal olunmasının müzakirə olunması da istisna deyil. Görüşdən sonra Kim Çen İn Rusiyanın bütün qərarları ilə razı olduqlarını bildirdi. Rusiyanı dəstəkləyən istənilən ölkə Ukrayna üçün düşməndir. Müharibənin miqyası getdikcə böyüyür və proses idarəolunmaz vəziyyətə gəlir. Məsələn, əvvəllər Türkiyənin hadisələrə müdaxilə imkanı daha çox idisə, artıq Türkiyə oyundan kənar vəziyyətdə qalır. Ümumiyyətlə, Ukraynada döyüşlər davam etdikcə geosiyasi vəziyyət mürəkkəbləşəcək. Buna görə də rəsmi Kiyevdə baş verən hadisələri tək hərbi deyil, həmçinin siyasi aspektlərdən qiymətləndirməliyik. Hər ötən gün qütbləşdirməni dərinləşdirmək ilə yanaşı 3-cü dünya və nüvə müharibəsinin faktiki olaraq elan olunmasına bizi yaxınlaşdırır".
Qeyd edək ki, bir neçə gün öncə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn Rusiyada səfərdə idi.