Bütün türk dövlətləri PUA-lara sahiblənəcək

Qazaxıstan da işə başladı

 "Qazaxıstanda hərbi PUA istehsalı üçün türk şirkətləri ilə əməkdaşlıq edirik”.

Bunu Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib.

  "Hazırda biz həm hazır PUA-lar alırıq, həm də özümüzü inkişaf etdiririk. Artıq İsrail və Çin istehsalı olan PUA-larımız var, həmçinin türk şirkətləri ilə birgə müəssisə yaratmaq üzərində işləyirik. Bundan əlavə, PUA sahəsində öz məhsullarımızı sınaqdan keçiririk”, - o qeyd edib.
 
 Məsələyə münasibət bildirən politoloq Rusif Məmmədsoy "Sherg.az"a bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) güclənməkdə davam edir: "Türk Dövlətləri Təşkilatında PUA-nın istehsalı ilə bağlı Rusiyaya sual ünvanlanmışdı. Sergey Lavrov isə cavab vermişdi ki, əgər bu, humanist məqsəd daşıyırsa, heç bir problem görmürük. Yəni bu təşkilat hərbi müstəvidə əməkdaşlığa başlasa, biz onu qıcıqla qarşılayacağıq demək istəyirdi. Əlbəttə, bunların hamısı əbəsdir. Çünki ortada güclənən Türk dövlətləri və zəifləyən Rusiya var. Xüsusilə də, strateji əhəmiyyəti və yerləşdiyi geostrateji mövqeləri onların daha da inkişaf etməsinə şərait yaradır. Bütün bu şərait isə Rusiya-Ukrayna savaşı fonunda yaranır. Eyni zamanda Türküstan dövlətləri ilə bağlı maraqlar toqquşur. ABŞ, Avropa Birliyi ölkələri, Çin və Rusiya arasında çox gərgin mübarizə gedir. Türkiyə də artıq həmin bölgədə əsas söz sahiblərindən birinə çevrilib. Bu hələ ki ideoloji müstəvidə olsa belə, istənilən halda türk məfhumunun orada güclənməsi bizim də ümumi nəticəmizə çox ciddi xeyir verəcək. Birgə PUA-ların istehsalı, qardaş Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi milli müdafiə sənayesindəki inqilab digər dövlətlərə də sirayət etməlidir. Burada bilim mərkəzi olaraq Türkiyə nəzərdə tutulmalıdır. Bunun bütünlüklə Türküstan ərazisində yayılması da TDT-nin sadəcə gedib görüşərək humanitar və ideoloji məsələlər ilə deyil, eyni zamanda hərbi müstəviyə keçidinin əsasını qoymuş olur. Bu isə ümumi nəticəyə çox böyük töhfə verəcək".