Vladimir Putin hakimiyyətdən getsə belə, Rusiyanın siyasi xətti dəyişməyəcək
Rusiya 1990-cı illərdə baş verənlərlə müqayisə oluna biləcək böyük dəyişikliklər dövrünü yaşayır, lakin 30 il əvvəlki hadisələrdən fərqli olaraq, ölkənin hara getdiyi məlum deyil.
Bunu rusiyalı milyarder Oleq Deripaska deyib.
“90-cı illərdə hara getdiyimizi bilirdik. Amma indiki istiqamət bəlli deyil. Bunun necə olması lazım olduğunu eşidirik, amma necə olacağını heç kim bilmir. SSRİ-nin çökməsindən sonra hər kəsin beynində bir model vardı. İsveç kimi səliqəli, təmiz, Almaniya kimi effektli, etibarlı. İndi gələcəyin imici bulanıqdır və bu da insanları özündən çıxaran amildir”, - Deripaska bildirib.
Milyarderin sözlərinə görə, Putinin 2008-ci ildən bəri inşa etdiyi dövlət kapitalizminin iqtisadi modeli dərin yanlış seçim idi.
Oreq Deripaskanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ukrayna müharibəsi Rusiya üçün dəqiq olan nəticələr vermədi:
"Buna rəğmən Vladimir Putinin dirəniş göstərməsi onun səhv addım atdığını göstərir.
Müharibənin ilk vaxtlarından bildirilirdi ki, Putinə qarşı daxildən oliqarxların mübarizəsi başlayacaq. İlk zamanlar Rusiya Prezidenti oliqarxlar ilə başını itirmişdi. Ona qarşı daha aktiv fikirlər səsləndirildi. İndi hər hansı bir milyarderin bu fikirləri dilə gətirməsi Putin hakimiyyətinin tamamilə məhv edilməsinə əsas vermir. Ümumiyyətlə, Rusiyada liberal dalğalar yoxdur. Orada hakimiyyət sisteminin varlandırdığı şəxslər var. Hətta elə şəxslər var ki, SSRİ dağıldıqdan sonra özəlləşdirmə dövründə önə çıxdılar. Bir çoxlarının isə mafiya qrupları ilə əlaqələri var. Rusiya hakim sistemi oliqarxlara çatdırmağa çalışır ki, şərait yaxşı olanda sizin varlanmağınıza kömək etmişik. Çətin dövrdə isə siz buna dözməlisiniz. Qərb siyasətçiləri proqnoz edirdilər ki, Kremldə daxildən bir növ siyasi elita ortaya çıxacaq və onu devirəcək. Rusiyada müharibənin ilk dövrünə nisbətən əvvəlki xaos yoxdur və müəyyən qədər stabilləşməyə doğru gedir. Ümumiyyətlə, geosiyasi vəziyyətə baxdıqda bu hadisə şəxsləşdirməyə aid edilmir. Çünki yeni dünya nizamından danışırlar və Rusiyanın dünyada yerini müəyyən etmək uğrunda mübarizə aparırlar. Vladimir Putin hakimiyyətdən getsə belə, Rusiyanın siyasi xətti dəyişməyəcək".