Ermənilərlə Bakının DİALOQU: "...başqa yol yoxdur!"

Bu gün Yevlaxda görüş keçiriləcək

Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir

Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək

  Prezident Administrasiyasının təklif etdiyi kimi, Respublikanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Bu barədə Administrasiya açıqlama yayıb. Qeyd olunub ki, separatçılar Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar. Xatırladaq ki, Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Qarabağın erməni sakinlərinin nümayəndələrinin rəsmi Bakı ilə danışıqlarında iştirak etmir. Bir sıra ölkələr, o cümlədən Türkiyə və Qazaxıstan Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş təşəbbüsünü alqışlayıblar. Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edib. Bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel deyib ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrinin maraqlarına cavab verir. Ermənilərdən də Yevlax görüşü və reinteqrasiya ilə bağlı pozitiv açıqlamalar gəlir. Erməni bloger İşxan Verdyan öz teleqram kanalında qeyd edib ki, Qarabağda qalmaq istəyən ermənilər üçün hər şey yaxşı olacaq: "Vəssalam. Kabusun sonu. Daha ölüm olmayacaq. Tezliklə yaraları sağaltmaq və normal həyata qayıtmaq vaxtı gələcək. Ermənistandakılar isə oturub düşünsünlər. Düzdür, onlar həmişə olduğu kimi normal bir şey tapmayacaqlar. Amma bu artıq məni çox narahat etmir. Mən Qarabağda, qalan ermənilərlə yaşamağa gedirəm”.
 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ordusunun antiterror tədbirləri uğurla başa çatdı. Ekspertin sözlərinə görə, Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir

"Təslimin şərtləri var. Əsas tələblərdən biri silah-sursatın təhvil verilməsi, hərbi birləşmələrin buraxılması və Ermənistan hərbçilərinin Azərbaycanı tərk etməsidir. Digər önəmli məqam isə Qarabağdakı ermənilərin reinteqrasiya məsələsidir. Əlbəttə, Qarabağdakı ermənilər rəsmi Bakı qarşısında hansısa şərt irəli sürə bilməz. Ermənilər Bakı ilə dialoqa, müzakirə aparacaqlarına razılıq veriblər. Ola bilsin, görüşlərdə, təmaslarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak etsin. Amma antiterror tədbirlərindən əvvəlki vəziyyət olmayacaq. Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək. Qarabağda yaşamaq və vətəndaşlıq almaq istəyən ermənilər də rəsmi Bakının bütün şərtlərinə, tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər. Ya da torpaqlarımızı tərk etməlidirlər, başqa yol yoxdur".