Bakı qanunla, ədalətlə qazandı...

Azərbaycan indi də Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə dialoqun tərəfdarıdır

  Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə başladıqdan sonra müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan rəsmi Bakıya bu tədbirləri dayandırmaq və “Xankəndi ilə danışıqlar” aparmaq çağırışları edildi. Məqsədin terrorçuları müdafiə etmək və separatçıları de-fakto “tərəfə” çevirmək olduğu bəlli idi. Hərçənd, Azərbaycan öz suveren ərazilərində terrorçuların mövcudluğunu qəbul etmədiyi üçün antiterror tədbirlərinə start vermişdi. Ekspertlərin fikrincə, Qarabağda hadisələrin bu həddə çatmasının iki əsas günahkarı var idi.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, rəsmi Bakının danışıqlar təklifindən imtina edən və kommunikasiyanı bloklamağa çalışan separatçı-terrorçu rejim idi. Analitik qeyd edib ki, rəsmi Bakı dəfələrlə Qarabağdakı separatçıları danışıqlara dəvət edib, hətta bu ilin 1 mart tarixində Xocalıda görüş də keçirilib:

"Azərbaycanın gündəliyi bəllidir. Bu da erməni əhalisinin reinteqrasiyanın həyata keçirilməsi və Qarabağda iqtisadi layihələrin müzakirə edilməsidir. Daha sonra rəsmi Bakı bu gündəliyin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsi üçün iki dəfə təklif də irəli sürdü. Separatçılar isə bu jestdən imtina etdilər və Azərbaycanın suverenliyinə qarşı təxribatlarını genişləndirməyə başladılar. Aylardır qanunsuz silahlı dəstələrin Qarabağda cəmlənməsi prosesini həyata keçirir, hərbi mövqelərini gücləndirir, yeni atəş nöqtələri yaradır, mina terrorunu davam etdirirdilər. Əsas hədəfləri terror hücumları ilə Qarabağda hərbi vəziyyəti gərginləşdirmək və erməni əhalisinin reinteqrasiya prosesinin qarşısını almaq idi. Hərbi müstəvidə təxribatlara paralel olaraq, Ağdam-Xankəndi yolunu bloklamaq cəhdi ilə kommunikasiyanın açılmasının da qarşısını almağa çalışırdılar".
  Ekspert diqqətə çatdırıb ki, ABŞ və Avropa İttifaqı başda olmaqla Azərbaycana qarşı müxtəlif çağırışlar edildi. Onun fikrincə, vəziyyətin bu həddə çatmasına görə məsuliyyət bu çağırışı edənlərin də üzərinə düşür: "Rəsmi Bakı separatçılara jest edərək, danışıqlar təklifini irəli sürəndə bu ölkələr sözdə dəstək versə də, qondarma rejimə qarşı praktik olaraq heç bir təzyiq etmədilər. Əvəzində Ermənistanın və separatçıların “Qarabağda humanitar fəlakət var” iddialarının beynəlxalq müstəvidə müzakirəsinə şərait yaratdılar. Bu məsələ üzərindən Azərbaycana qarşı təzyiq etməyə çalışdılar. Bu təzyiqlər Azərbaycanın prinsipial mövqeyinə təsir etmədi və nəticə etibarilə separatçılar rəsmi Bakının Ağdam-Xankəndi yolunun açılması ilə bağlı tələbini sentyabrın 17-də qəbul etməyə məcbur oldular. Sentyabrın 18-dən etibarən bu yoldan keçən humanitar yüklər Qarabağda erməni əhalisinə çatdırıldı. Halbuki bu, daha tez – sentyabrın 1-də baş verə bilərdi. Vaşinqtonda razılaşmaya görə, Ağdam-Xankəndi və Laçın yolu sentyabrın 1-də açılmalı idi, separatçılar isə Ağdam yolunu bloklamaqla yüklərin daşınmasını 16 gün gecikdirdi. Bu, məhz beynəlxalq birliyin separatçılara və onları dəstəkləyən Ermənistana heç bir təzyiq etməməsinin nəticəsi idi. Azərbaycanı öz suveren ərazisində antiterror tədbirləri keçirməyə məcbur edən də məhz bu cəzasızlıq mühiti oldu. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan qoşunlarını suveren ərazilərimizdən çıxarmaqdan imtina etdi, separatçılar terror və təxribat fəaliyyətlərini gücləndirdilər. Sentyabrın 19-da törətdikləri qətliamlar da bunun son nümunəsidir. Bu terror aktlarını görməzdən gələn beynəlxalq birliyin səsi isə yalnız Azərbaycanın antiterror tədbirlərə başlamasından sonra çıxmağa başladı. Bu ikiüzlü yanaşma qarşısında Azərbaycan cəmiyyətində açıq suallar yaranır. Antiterror tədbirlərinə səs çıxaranlar nə üçün erməni terrorunu, qətliamını görməzdən gəlir, bu azmış kimi, əliqanlı terrorçularla danışıqların aparılmasını istəyir? ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra mübarizə apardığı terrorçularla danışıqlar apardımı? Avropa İttifaqı üzv ölkələrində mövcud olan separatizm ocaqlarını danışıqlar yolu ilə həll edir, yoxsa güc tətbiqi ilə? Göründüyü kimi, mövcud vəziyyətin yaranmasında birbaşa “əməyi” olanlar özlərinin etmədiyini Azərbaycandan istəyirlər. Azərbaycan Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasında və Ağdam-Xankəndi yolunun açılmasında olduğu kimi, antiterror tədbirlərində də prinsipial mövqeyindən geri çəkilmədi. Çünki bu tədbirlərin hədəfi erməni əhalisi yox, suverenliyimizə qarşı təhdid yaradan separatçılar, erməni silahlı qüvvələrinin ərazimizdə qalan birləşmələri və qanunsuz silahlı dəstələr idi. Azərbaycan əsgəri erməni əhalisini Qarabağdakı mövcud hərbi xuntadan xilas edilməsi istiqamətində tədbirlər həyata keçirdi. Təbii ki, bütün bunların fonunda Azərbaycan Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə dialoqun tərəfdarıdır".