Gec qaldın, Nikol...

Artıq Paşinyana qarşı hərəkətə başlanılıb

Dövlət çevrilişi, sui-qəsd və digər amillər də istisna edilmir

  Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyaları davam etməkdədir. Qarabağda həyata keçirilmiş antiterror tədbirlərinə görə İrəvan hökumətinin başçısını ittiham edən müxaliflər Paşinyanın istefasını tələb ediblər. Aksiyaçılar “Nikol - satqın” şüarları səsləndiriblər. Müxalif “Anamız Ermənistan” Partiyasının sədri Andronik Tevonyan deyib ki, aksiya çox kütləvi olmalıdır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərilsin və yeni hökumət formalaşsın. Partiya sədri qeyd edib ki, müxalifətin ən başlıca məqsədi Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır. Ermənistanın “Hraparak” qəzetinin elektron variantı Nikol Paşinyanın Müdafiə Nazirliyində gizləndiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, Paşinyan yaxın adamları ilə birlikdə Müdafiə Nazirliyinin bunkerində gizlənib. Baş nazirin ailəsi isə təhlükə duyduğu üçün paytaxtı tərk edib. Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfirliyinin inzibatı binasına daxil olmağa da cəhd ediblər. Səfirliyi mühafizə edən polislə qarşıdurma yaşanıb. İrəvanın mərkəzi meydanında aksiya keçirən ermənilər də Rusiya liderini ağır sözlərlə təhqir ediblər. Hadisədən sonra Rusiyanın İrəvandakı səfirliyi Ermənistan XİN-ə nota göndərib.
  Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan Ordusu 24 saat ərzində Qarabağda antiterror tədbirlərini başa çatdırdı və separatçıları təslim etdi. Analitik vurğulayıb ki, burada Ermənistan Baş naziri Nikol Paşinyanın edə biləcəyi heç nə yoxdur:

"Əgər Paşinyan prosesə qarışsaydı, Azərbaycana müharibə elan etsəydi, bunun nə ilə nəticələnəcəyini çox yaxşı bilirdi. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ məsələsində dişsiz olduğunu bütün dünyaya göstərdi. 24 saat ərzində baş verənlər Ermənistana və dünya ermənilərinə dərs olmalıdır. Çünki dəfələrlə məğlub olmalarına baxmayaraq, öz iddialarından əl çəkmirdilər. Təslim olmayacaqlarını, reinteqrasiyaya getməyəcəklərini bildirirdilər. Ancaq real fakt və nəticələr ortadadır. Ermənistan baş nazirinin də deməyə sözü yoxdur. Paşinyan hazırda ciddi stress və qorxu içindədir. Onu indiki məqamda düşündürən əsas məsələ öz kreslosunu qorumaqdır. Ancaq məsələ ondadır ki, baş nazirin çox kobud manevrləri onun üzərindən "qara buludların" çəkilməsinə imkan vermir. Düşünürəm ki, artıq Paşinyana qarşı hərəkətə başlanılıb. Dövlət çevrilişi, sui-qəsd və digər amillər də istisna edilmir. Hazırda onun yaxın çevrəsi Ermənistanın gələcəkdə Rusiya və regionla bağlı hansı addımları ata biləcəyini götür-qoy edirlər".