Ermənistanın tək çıxış yolu Azərbaycanla barışmaqdır - ŞƏRH 

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında hökumət binasının yaxınlığında etirazların qızğın vaxtında bir neçə tərəfdarları ilə görüşüb.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“O, komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq Bu, İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir”, - məlumatda deyilir.

Nikol Paşinyanın çıxışına münasibət bildirən politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, istənilən halda özünə güvənən hakimiyyət həmişə öz mövqelərini qoruyur: 

"Buna isə heç bir irad tutmaq olmaz. Nikol Paşinyan qanuni seçkilər əsasında öz qələbəsini əldə etdi. İndi isə hökumət başçısı olaraq fəaliyyətini davam etdirir. Etirazçılar bacarıqdan daha çox sadəcə səs-küy yarada bilirlər. Ermənistan cəmiyyəti qeyri-qanuni hərəkətlərin hakimiyyəti itirmişlər tərəfindən olduğunu yaxşı bilir. Erməni cəmiyyəti onlardan bezdiyinə görə hakimiyyətə onların gəlməyini istəmirlər. İndiki məqamda seçkilər keçirilirsə, yenə Nikol Paşinyan qalib gələcək.

Çünki Ermənistanın az-çox sağlam düşünən cəmiyyəti Qarabağ məsələsinin onların işi olmadığını deyirlər. Ermənistandakı ermənilər Qarabağda yaşayan erməniləri qəbul etmirlər. Onları satqın erməni adlandırırlar. Amma Ermənistan cəmiyyəti 2020-ci ilin məğlubiyyətindən sonra Nikol Paşinyanı seçdiyi kimi yenə ona səs verəcəklər. Çünki onlar Robert Köçəryan Serj Sarkisyan və Bako Sahakyanın adını belə eşitmək istəmirlər. Ermənistanın yeganə çıxış yolu Azərbaycan ilə barışmaqdır. Prezident İlham Əliyev dünən xalqa müraciətində bildirdi ki, Ermənistanın Qarabağ məsələsinə qarışmamasını yüksək qiymətləndirir. Bu imkan yaradacaq ki, yaxın zamanda Bakı ilə İrəvan arasında münasibətlərdə tərpəniş olsun və sülh üçün hərəkətlər nəticəsini versin. Kənar qüvvələrin bu proseslərdə məkirli və murdar niyyətlərinin olduğunu yaxşı bilirik. Buna baxmayaraq Nikol Paşinyan ayıq-sayıqlığını itirməməlidir. Çünki o öz boynundan çox böyük yükü atdı. Hələ hakimiyyətə təzə gələndə iki dəfə Prezident İlham Əliyev ilə ayaqüstü görüşü olmuşdur. Hər ikisində də bu məsələlərin həlli üçün İlham Əliyevdən möhlət istəmişdi. Amma Paşinyana bunu etməyə imkan vermədilər. Buna görə də Nikol Paşinyan "Qarabağ Azərbaycandır!" dedi. Bununla da proseslərin gedişini özünə məxsus tərzdə tərtib etdi. Nikol Paşinyanı digər hakimiyyətə gəlmək istəyən şəxslərdən üstün görürəm. Həmçinin Nikol Paşinyan Levon Ter-Petrosyanın tələbəsidir. Levon Ter-Petrosyan həqiqətən də Ermənistan siyasi elitası üçün sayılıb-seçilən personallardan biridir. Baxmayaraq ki, onu hər dəfə sıxışdırır və seçkilərdə səslərini oğurlayırlar. Amma o, ilk vaxtlardan Qarabağı müvəqqəti işğal etdiklərini bildirmişdi. Həmçinin vurğulamışdı ki, dünya birliyi heç vaxt Qarabağın Ermənistanın tabeliyinə keçməsinə icazə verməyəcək. Biz görürük ki, siyasi aləmdə erməni dəllalları özlərini siyasi partiyaların üzvü sayaraq Levon Ter-Petrosyanın baxışlarını inkar edirlər. Amma xarici diplomatik korpusun nümayəndələri vaxt tapan kimi məsləhətləşmə və danışıqları onunla aparırlar. Çünki onlar bilir ki, həmin insan sağlam düşüncə sahibidir. Levon Ter-Petrosyan vaxtilə Azərbaycan ilə dil tapmalıyıq deyirdi. Artıq Nikol Paşinyan da onun kimi düşünür və başqa variantın olmadığını anlayır".