Bizi postsovet məkanında ən etibarlı tərəfdaş olan Azərbaycanla münasibətləri korlamağa məcbur edirlər.
Bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
“Qərb orada ən böyük logistika layihəsinin - Avropaya yüklərin daşınması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq Şimal-Cənub nəqliyyat dəhlizinin baş tutmasından məmnun deyil. Qərb Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq üçün istənilən tədbirdən istifadə edir. Alınmayacaq!” - o bildirib.
Rusiyanın öz yanaşması olduğunu deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, şimal-cənub dəhlizinin reallaşması həm ikitərəfli, həm də üçtərəfli razılaşmaların əsasında həyata keçirilir:
"Tranzit potensialı artır və heç kəs bizə mane ola bilməz. Ümumiyyətlə Azərbaycan, İran, Rusiya gündəliyi və işlərin qrafikini özləri müəyyən edirlər. O ki, qaldı Qərbin və ya xarici qüvvələrin təsirinə, əlbəttə ki, müəyyən əngəllər olacaq. Amma Azərbaycana təsir göstərə bilməzlər. Ola bilsin Ermənistana təsir göstərsinlər. Çünki son zamanlarda Qərblə oyunlar oynayan Ermənistan hakimiyyətidir. Hətta Qərbdəki bəzi siyasi dairələr oyunlarda onlara dəstək olurlar. Lakin bu birbaşa Şimal-Cənub dəhlizinin reallaşdırılmasına təhlükə yoxdur".