Bakı ağıllı siyasəti ilə oyunu bitirdi

İndi Qarabağda yaşayan sadə ermənilər üçün yeni tarixi şans yaranıb
  
Gözlənilən tarixi anlara hamımız şahidlik etdik. Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni surətdə qalmaqda davam edən Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçı-terrorçu dəstələr Bakının irəli sürdüyü şərtləri qəbul edərək ağ bayraq qaldırdılar, silahı yerə qoyub təslim oldular. Erməni faşizminin təcəssümü olan xəstə “Miatsum” hərəkatına artıq qoyuldu. Ermənistanın və onun havadarlarının 30 ildir bizim ərazilərimizdə yaratdıqları “boz zona” öz mövcudiyyətini dayandırdı. Beləliklə separatçı rejim, terrorçu xunta da iflasa uğradı, bitirildı. Cəmi 24 saat ərzində misli görünməmiş döyüş peşəkarlığı ilə gəldi, 30 illik separatizm mərəzinin əsas qaynağı 24 saata neytrallaşdırıldı. Qələbəmiz bir günə təmin olundu. Qəhrəman əsgərlərimiz bütün dünyaya terrorla və separatçılıqla effektiv mübarizənin yeni nümunələrini nümayiş etdirdi. Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərindən, bunu zəruri edən məqamlardan və əldə olunan nəticələrdən ətraflı bəhs etdi. Dövlət başçısı mühüm mesajlar da verdi. Ölkə rəhbərinin diqqət çəkdiyi məqamlardan biri də Qarabağın erməni sakinlərinə edilən çağırış və müraciət oldu. Məlumdur ki, 44 günlük savaşdan bu yana rəsmi Bakı Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə dialoq və vətəndaşlıq təklif edirdi. Erməniləri əsir və girov saxlayan separatçı-xunta rejimi buna imkan vermirdi. Lakin antiterror tədbirlərindən sonra xunta təhlükəsinin ortadan qalxdığını qeyd etmək mümkündür. Prezident İlham Əliyev məhz bu məqama vurğu edərək, Qarabağın Azərbaycan ərazisi olduğunu, o cümlədən Ermənistan rəhbərliyinin də artıq bunu başa düşdüyünü bəyan etdi: "Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdu, onların beyinlərini zəhərləmişdi. Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur". Ölkə başçısı vurğulayıb ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: "Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar". Dövlət başçısı bir daha qeyd edib ki, Qarabağdakı ermənilərin bütün hüquqları təmin ediləcək: "Təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq". Prezident Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi şans yarandığını diqqətə çatdırıb: "O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir".
  Xatırladaq ki, artıq erməni blogerlər də Qarabağdakı separatçı rejimin, xuntanın sonunun çatdığını etiraf edir, hətta onların zərərsizləşdirilməsini istəyirlər. Erməni bloger Natali Aleksanyan feysbuk səhifəsində Ermənistanın keçmiş və indiki hakimiyyətinə, Qarabağ separatçılarının "liderlərinə" müraciət edərək yazıb: "Əvvəlkilər, indikilər, ortalar, aşağılar, yuxarılar - hər şeyi diqqətlə dinləyin. Gedin birlikdə dua edin ki, Azərbaycan birdən-birə ermənilərin inteqrasiyasına başlamasın. Çünki birdən başlasa və Qarabağda ermənilərin rahat yaşaması üçün bütün şəraitin qorunub saxlanacağı üzə çıxacaq. Aydın olacaq ki, ermənilərin Azərbaycanın tərkibində Qarabağda həmişə problemsiz yaşamaq imkanı olub. Bu o deməkdir ki, soyqırım, etnik təmizləmə və düşmənçiliklə bağlı bütün söhbətlər süni olub, sizin öz məqsədlərinizə xidmət etmək üçün yaradılıb. Yəni bu, o demək olacaq ki, Qarabağın və Ermənistanın bu uzun işgəncələri, ölümləri ancaq sizin problemlərinizi həll etmək üçün olub. Biz hələ də əlaqə saxlayacağıq, uzağa getməyin”. Erməni bloger Karen Şirinyan da Prezidentdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib: “Mən Azərbaycan liderindən yalnız bir şey istəyirəm: Qarabağın gərəksiz “prezidenti” və “nazirləri” həbs edilsin, günahsız insanlara yol verilsin. Qarabağa vəba və millət dağıdıcıları lazım deyil”.
  
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, sentyabrın 19-da başlayan və 20-də bitən antiterror tədbirləri çox uğurla yekunlaşdı. Deputatın sözlərinə görə, 44 günlük müharibədən sonra bu dəfə də dünyanın hərb tarixində yeni səhifə açdıq:

"Bu, möhtərəm cənab Prezidentin sərkərdəlik istedadının bir daha nümayişi idi. Bəlli idi ki, antiterror tədbirləri uzun müddət davam etsəydi, Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdən ciddi təzyiqlər, qarayaxma kampaniyası başlaya bilərdi. Ona görə Silahlı Qüvvələrimiz Ali Baş Komandanın müvafiq tapşırıqlarını yüksək səviyyədə icra edərək 24 saat ərzində qarşıya qoyulan məqsədə nail oldu. Bu, unikal bir hadisədir. Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması qədər Azərbaycan dövlətçiliyi, ərazi bütövlüyü və suverenliyimiz üçün son dərəcə ciddi qələbə idi. Ancaq arxayın olmalı deyilik. Separatçıların məkrli, hiyləgər olduğunu, beyinlərinin zəhərləndiyini unutmamalıyıq. Bundan sonra hüquq-mühafizə və təhlükəsizlik orqanlarının üzərinə daha böyük yük düşəcək. Separatçıları Qarabağdan tamamilə təmizləmək üçün ciddi səylər göstərilməlidir. Separatçıları sona qədər əzməliyik. Cənab Prezident xalqa müraciətində antiterror tədbirlərini doğuran səbəbləri, zəruri edən şərtləri diqqətə çatdırdı. Separatçıları, xunta rejimini himayə edən ayrı-ayrı dövlətlərin bu məsələ üzərindən Azərbaycana qarşı təzyiqlərini dayandırmağa çağırdı. Onlara ciddi mesajlar verdi. Haqlı olaraq baş verənlərə görə Ermənistanı və onun dəstəkçilərini suçladı. Dövlət başçısı vurğuladı ki, Ermənistan üçtərəfli bəyanatın 4-cü bəndini icra etmədiyinə, Azərbaycanın tələblərini yerinə yetirmədiyinə görə antiterror tədbirləri qaçılmaz oldu. Nəticədə terrorçular, separatçılar darmadağın edildi və ağ bayraq qaldırıldı. Bundan sonra Qarabağın hər bölgəsində Azərbaycanın suverenliyi tam təmin olunacaq. Heç kimin bundan şübhəsi olmasın".

Parlament üzvü vurğulayıb ki, Prezident eyni zamanda Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə müzakirələrə diqqət çəkdi. Qeyd olundu ki, Azərbaycanın şərtləri qeyd-şərtsiz qəbul edilməlidir və ediləcək: "Orada yaşayan erməniəsilli sakinlər Azərbaycan vətəndaşları kimi qanunlarımıza tabe olmaqla, separatizmi unutmaqla torpaqlarımızda rahat və təhlükəsiz yaşaya bilərlər. Əgər bundan imtina edirlərsə, şansı düzgün dəyərləndirə bilmirlərsə, rədd olub gedə bilərlər. Bu məsələdə Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin aydın mövqeyi ortadadır. Ermənistan bu işlərə qarışmazsa, o cümlədən separatçılar, cinayətkar ermənilər qolları qandallı Azərbaycan məhkəmələrində cavab verdikdən sonra torpaqlarımızda yaşamaq istəyən ermənilər digər vətəndaşlarımız kimi normal həyatlarını davam etdirəcəklər. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, "oyun bitdi". Prosesin son akkordları müzəffər Azərbaycan Ordusu tərəfindən qoyuldu. Bundan sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin bağlanması, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı proseslər sürətlənə bilər".