Qranadada mümkün görüşdən GÖZLƏNTİLƏR - RƏY

Sülh sənədinin imzalanmasına dair pozitiv atmosfer yaranıb

  Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub. Görüş zamanı iki əsas mövzu müzakirə edilib. Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət və oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan liderlərin mümkün görüşü müzakirə mövzusu olub.
  Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, birinci məsələ ətrafında geniş müzakirələrin keçirildiyini düşünmür. Analitikə görə, rəsmi Bakı daxili məsələ olan Qarabağın geniş şəkildə müzakirə edilməsində maraqlı deyil. Ekspertin fikrincə, tərəflərin daha çox oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşü barədə fikir mübadiləsi apardığını demək olar: 

"İndiki məqamda Qranada görüşü həm Ermənistan, həm Azərbaycan, həm də Aİ üçün vacibdir. Rəsmi Bakı antiterror tədbirlərindən sonra Qarabağa nəzarəti bərpa etməkdədir. Bundan başqa, erməni icması ilə reinteqrasiya prosesi çərçivəsində Yevlaxda və Xocalıda iki görüş keçirilib. Bu hadisələrin fonunda Azərbaycan Ermənistanla ən azı ilkin sülh müqaviləsi imzalamaqda maraqlıdır. Ermənistan isə proseslərdən yayına bilməyəcəyini anlayır. Digər tərəfdən, indiki məqamda sülh onun özünə lazımdır. Rəsmi İrəvan Azərbaycanın ərazilərini genişləndirəcəyindən ehtiyat edir. Bakının belə bir niyyəti olmasa da, İrəvan riski nəzərə alaraq ərazi bütövlüyünün tanınmasını əks etdirən rəsmi sənədə qol çəkmək istəyir. Bunu təsdiqləyən digər məqam isə son günlər erməni rəsmilərin sülhə dair pozitiv açıqlamalar verməsidir. Aİ isə hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər. Görüşdən sonrakı bəyanatın bu yöndə olması da diqqət çəkir".
  T.Rzayevin sözlərinə görə, indiki məqamda əsas sual liderlərin Qranada görüşündə sülh sazişi və ya sülhə dair hər hansı sənəd imzalanma ehtimalı ilə bağlıdır: "Bu suala cavab tapmaq üçün iki fakta nəzər yetirmək lazımdır. Mayın 31-də Avropa Siyasi Birliyinin Kişineu sammiti çərçivəsində görüş baş tutdu. Brüssel görüşündən sonra Hikmət Hacıyevin açıqlaması yayıldı. Kişineu sammiti çərçivəsində baş tutan görüşdən əvvəl də sülh sənədinin imzalanmasına dair pozitiv atmosfer var idi. Hətta sazişin imzalanması mümkün görünürdü, lakin bu baş tutmadı. Bu mənada Kişineu danışıqlarının nəticəsiz qalması, sənədin imzalanması bir yana, heç sülhə dair konkret müzakirənin getməməsi Qranada görüşü öncəsi pessimist atmosfer yaradır. Buna baxmayaraq, Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə açıqlaması müəyyən ümidlər yaradır. H.Hacıyevin "indi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru irəliləmək üçün daha çox imkanlar var” açıqlamasından belə qənaətə gəlmək olar ki, Bakı sülh sazişinin imzalanmasında maraqlıdır. Lakin yekun sülh üçün hələ tezdir. Qranada görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və bunu sənədlə təsdiqləməsini ilkin sülh sazişi, habelə münasibətlərin normallaşmasına doğru irəliləyiş saymaq olar".