Ermənistan dünyanı riyaziyyatda aldada bilməz

Hesab-kitabdır

“Ermənilər ənənələrinə sadiq qalaraq, rəqəmləri ən azından 10 dəfə saxtalaşdırıb”

  Qarabağda yaşayan ermənilərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistanın Gorus rayonu istiqamətinə köç etməsi davam edir. Xankəndi, Xocavənd, Əsgəran və keçmiş Ağdərə rayonundan gələn erməni ailələr Azərbaycan torpaqlarını tərk edərək buraxılış məntəqəsindən maneəsiz keçərək gedirlər. Problem isə ondadır ki, Ermənistanın rəsmi qurumları Azərbaycanı tərk edən qarabağlı ermənilərin sayını bilərəkdən şişirdirlər. Məqsəd "120 min qarabağlı erməni" mifini bu dəfə daha aktiv propaqanda vasitəsinə çevirməkdir. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan 47 min erməninin Qarabağdan Ermənistana getdiyini iddia edib. Halbuki bu günədək 5-10 minə yaxın şəxsin köçməsi ilə bağlı dəqiq informasiya olduğu deyilir. Digər məsələ odur ki, separatçılar təşviş və panika mühiti yaratmaq məqsədilə erməniləri zorla köçə vadar edirlər. Rusiyalı sülhməramlılar həmişəki kimi baş verənləri sadəcə, müşahidə edirlər. Ermənistana yollanmış qarabağlı ermənilər isə Laçında jurnalistlərimizə açıqlamalarında heç bir təzyiqlə üzləşmədiklərini desələr də, Gorusda erməni jurnalistlərə "əzab-əziyyət gördüklərini, canlarını götürüb qaçdıqlarını" deyirlər.
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, Ermənistanın saxtakarlığı yenidən gündəmdədir. Onun sözlərinə görə, son 4 gündə Qarabağdan Ermənistana 53 min adamın köçməsi ilə bağlı xəbərlər tamamilə uydurma və saxtadır: "Ağ yalandır. Ən azından fiziki cəhətdən bu qədər adamın Laçın dəhlizindən keçməsi mümkün deyildi. Şərti olaraq, fantastik hesablama aparsaq və hər erməninin postdan 1 dəqiqə ərzində keçdiyinə razılaşsaq, bu, 1 saatda 60 nəfər, 24 saatda 1440 nəfər edir. Bunu da 4 günə vursaq, 5760 nəfər edir. Bu, ən ideal variantdır. Əslində bir adamın postdan bir dəqiqəyə keçməsi mümkün deyil. Beləliklə, ermənilər ənənələrinə sadiq qalaraq, rəqəmləri ən azından 10 dəfə saxtalaşdırıb. Dünya bunu görmür? Ermənistan Qarabağda guya bu sayda insanın "genosid"ə məruz qaldığını göstərmək istəyir. Ermənistanda yerləşəndən sonra bu saxta rəqəmlərlə xaricdən daha çox yardım almaq niyyətindədirlər. Azərbaycan tərəfi özü Laçın postundan keçənlərin sayını dəqiqləşdirməlidir".