NATO-da Zəngəzur dəhlizi ilə bağlı mövzunun yer alması əlamətdar hadisədir
Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib.
Bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) - İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mövlud Qaraqaya bildirib.
“Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili keçən il noyabrın 22-də NATO PA zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb:
“Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Qaraqaya Zəngəzur dəhlizini enerji təhlükəsizliyi və iqtisadi tərəqqi ilə yanaşı, türk dünyasına açılan qapı, Turana gedən yol adlandırıb.
Məsələ ilə bağlı şərh verən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a vurğulayıb ki, NATO Parlament Assambleyasında Zəngəzur dəhlizi ilə bağlı mövzunun yer alması əlamətdar hadisədir:
"Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı nailiyyətlər çərçivəsində regionda yaranan yeni geosiyasi reallıqlar kontekstində Zəngəzur koridoru bir çox ölkələrin maraq dairəsində olub. Həmçinin nəzərə almaq lazımdır ki, bu nəqliyyat xətti orta dəhliz ideayasının tərkib hissəsidir. Ümumilikdə "Bir kəmər, bir yol" konsepsiyasına daxildir. Eyni zamanda Şərq ilə Qərbi birləşdirən bir nəqliyyat axınını özündə cəmləşdirir. Digər tərəfdən nəqliyyat yük daşımalarının həcmi getdikcə artır. Burada nəqliyyat yollarının şaxələndirilməsinə ehtiyac var. Bu baxımdan nəqliyyat dəhlizləri güc mərkəzlərinin də xüsusi prioriteti olub. Həmçinin enerji təhlükəsizlik məsələsinin də vurğulanması Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülməsinin baş tutmasını göstərir. Məhz bu xüsusda Naxçıvanda səfərdə olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə artıq yeni qaz kəmərlərinin təməlləri atıldı. Gələcəkdə Zəngəzur yolu ilə həm Naxçıvan blokadadan azad olunacaq, həm də Azərbaycan Türkiyə nəqliyyat marşrutları ilə birləşdirəcək. Eyni zamanda Türk dünyası mühüm dividentlər əldə edəcək və Mərkəzi Asiya ölkələrinin mallları Qərbə çıxış imkanı qazanacaq. Xüsusilə Mərkəzi Asiyanın zəngin karbohidrogen ehtiyatları var. Əgər bunlar Zəngəzur dəhlizi ilə öturülsə, regionda olan bütün dövlətlərə qazanc gətirəcək. Bununla iqtisadi əməkdaşlıq möhkəmlənəcək, sülh və əmin-amanlıq şəraiti bərqarar olunacaq".