Nikol "Zeytun budağı" uzatdı: Pakistan Ermənistanı tanıyacaq?

Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır.
Qeyd edək ki, son zamanlar Bakı ilə İrəvan arasında sülh müqaviləsi istiqamətində addımlar intensivləşib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə görə bir neçə dövlət onunla fərqli müstəvidə sanksiyalar tətbiq etmişdi:

"Məsələn, Türkiyə Ermənistanla diplomatik münasibətləri qurub daha sonra bundan imtina edərək sərhədlərini bağlamışdı. Pakistan isə ümumiyyətlə Ermənistanı bir dövlət olaraq tanımamışdır. Səudiyyə ƏrəbisErmənistanı dövlət kimi tanısa belə, diplomatik münasibətlər yaratmamışdı. Özbəkistan da həmçinin Ermənistanı dövlət olaraq qəbul etsə də,  diplomatik nümayəndəliyini açmamışdı. Bu sırada bir çox dövlətin adını göstərmək olar. Nikol Paşinyan isə  bu günkü mətbuat konfransında  Səudiyyə Ərəbistanı və Pakistanın adını çəkib. Ermənistan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər müəyyən səviyyədə inkişaf etməkdədir. Təbii ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin formalaşmasına səbəb ola bilər. Eyni zamanda iki ölkənin bir-birini dövlət olaraq tanımasına və diplomatik əlaqələrin qurulmasına sülh sazişi şərait yarada bilər".