Azərbaycan-Türkiyə qardaşlığı: Təzyiqlərə qarşı birgə mübarizə

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında görüş keçirildi. 

Görüşün tarixi əhəmiyyətini və müzakirə mövzularını “Sherg.az” a şərh edən siyasi-şərhçi Elmir Səftərov bildirib ki, Ermənistanın özünə himayədar axtarması və sülhdən yayınaraq silahlanması fonunda bu görüş Azərbaycan və Türkiyənin regional sülhə və sabitliyə önəm verməsinin, təhlükələrin qarşısının alınmasının və əməkdaşlığın davam etdirməsinin vacibliyini göstərdi:

 “Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi terrorizm və separatizm fəaliyyətlərinin Ordumuz tərəfindən kökünün kəsilməsi nəticəsində regional sülhə, sabitliyə, iqtisadi inkişafa şərait yaradıldı. Qardaş ölkələrin müdafiə nazirlərinin görüşü, eyni zamanda, qeyri-regional dövlətlərin gərginliyi artırmaq cəhdlərinin qəbuledilməz olduğu mesajını bütün dünyaya xatırlatdı”.

Siyasi şərhçi Azərbaycana qarşı davamlı təzyiqlərın bloklanması məsələsinə də toxunub:
“Azərbaycan-Türkiyə müdafiə nazirləri arasında mütəmadi şəkildə keçirilən bu danışıqlar iki ölkənin strateji dialoqunun və regional təhlükəsizliyin göstəricisi olmaqla bərabər, xarici qüvvələrin regiona müdaxiləsini də müəyyən qədər bloklayır. Müdafiə nazirliklərinin bu cür görüşləri hərbi hissələr arasında operativ konsensusa gətirib çıxararaq, hərbçilərin qarşılıqlı anlaşmasını daha da yaxşılaşdıracaq, müasir texnikadan istifadəni daha da təkmilləşdirəcək. Bu da ikitərəfli fəaliyyətin inkişafına təkan verəcək. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın sülh naminə bütün tərəflər üçün nümunə olduğunu həm regional, həm də beynəlxalq səviyyədə nümayiş etdirdi. Ona görə də ölkələrimiz arasındakı bu həmrəylik həm də regionun təhlükəsizliyinə, sülh və sabitliyinə mühüm töhfələr verəcək”.

E.Səftərov Ermənistanın yeni müharibə hazırlığı barədə danışarkən cari ilin yanvarında Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin etdiyini vurğulayıb:
 “Sonra isə Fransa Ermənistanda çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsini, Ermənistan ordusunun müxtəlif bölmələrinə hazırlığın keçirilməsini planlaşdırır. Bu da Cənubi Qafqazda öz geosiyasi nüfuzunu bərpa etməyə uğursuz cəhd göstərən Parisin növbəti ikili davranışlarının əyani sübutudur. Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri sülhün əldə olunması deyil. Onlar Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır, ölkəmizin fundamental maraqlarına məhəl qoymurlar. Bundan əlavə, regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç bir iş görmür, əksinə Ermənistanı yeni müharibəyə hazırlayırlar. Qardaş ölkələrin müdafiə nazirliklərinin tez-tez görüşməsi regionda yeni münaqişə ocağı yaratmağı hədəfləyən Qərb dövlətlərinin fəallığına da bir cavabdır”. 

Siyasi şərhçi həmçinin hazırda dünyada terror təşkilatları ilə real mübarizə aparan dövlətlərin azlıq təşkil etdiyini söyləyib:
“Çünki özünü terrorizmə qarşı mübarizə aparan ölkə kimi göstərənlər əksər hallarda terrorçuluğu maliyyələşdirir, bu cür qruplara milyardlarla dollar vəsait ayırırlar. Əlbəttə, söhbət iqtisadi cəhətdən güclü dövlətlərdən gedir. Əvvəla, terrorçular hansısa dövlətlərə təhdid olduğu kimi, kimlərinsə maraqlarına da xidmət göstərir. Onların ayaqda qalması, fəaliyyət göstərməsi üçün böyük xərc tələb olunur. Digər bir məsələ isə özünü təşkilat kimi aparan terrorçu dövlətlərin təhlükə mənbəyi olaraq qalması və dəstəklənməsidir. Belə ki, otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan da bu kateqoriyaya aiddir. İqtisadi çətinliklərə rəğmən ərazilərimizdəki qanunsuz silahlı qrupların maddi-texniki bazasını gücləndirmək, onların varlığını qorumaq təkcə Ermənistanın iqtisadi potensialı sayəsində həyata keçirilmədi, xarici və yerli aktorlar da geosiyasi maraqları naminə bu işdə fəallıq nümayiş etdirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan öz ərazisində terrorçuluğun və separatizmin kökünü kəsdi. Bu işdə qardaş ölkə hər zaman Azərbaycanın yanında oldu və bu gün də bütün təzyiqlərə qarşı eyni davranışı sərgiləyir. Türkiyə də uzun müddətdir istər ölkə daxilində, istərsə də öz təhlükəsizliyi üçün dünyada terrorizimlə mübarizədə böyük işlər görüb. Türkiyə özünə təhdid yaradan bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarını eyni templə davam edəcək”.