Ermənistan xəyyalarından birdəfəlik əl çəkməlidir: Qalıcı sülh olmazsa... - RƏY

Əgər qalıcı sülh olmazsa, bölgə ara-sıra dondurulan, bəzən isə qızışdırılan münaqişə məkanı kimi qalmaqda davam edər

  Prezident İlham Əliyev ötən günlərdə vurğuladı ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir. Dövlət başçısı əlavə etdi ki, Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur: "Bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. Biz bunu etmək istəsəydik edərdik, açıq şəkildə bəyan edirəm". Prezident diqqətə çatdırıb ki, "İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.
  Dövlət başçısının gündəmə gətirdiyi məsələyə diqqət yönəldən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Prezidentin dediyi kimi artıq bölgəyə sülh gəlib. Politoloq vurğulayıb ki, sadəcə olaraq İrəvan tərəfi sülhü dayanıqlı etmək, tərəflər arasında münasibətlərin normallaşması, siyasi-diplomatik əlaqələrin qurulması, bölgənin sülh adasına çevrilməsi istiqamətində əməli addımlar atmalıdır: 

"Ermənistana çağırışlar bununla bağlıdır. Əgər qalıcı sülh olmazsa, bölgə ara-sıra dondurulan, bəzən isə qızışdırılan münaqişə məkanı kimi qalmaqda davam edər. Nəzərə alaq ki, Qarabağ məsələsi tamamilə bitib. Ona görə də Ermənistan hökuməti xəyalpərəst siyasətlə, revanşist və avantürist düşüncələrlə hərəkət etməməlidir. Bu gedişatın sonu fəlakətdir. Ermənistanda bunu anlayanlar var. Ancaq müəyyən dairələr iş başındadır. Onlar Ermənistanı silahlandırır, qarşıdurmaya təhrik edirlər. Ancaq İrəvan və onun himayədarları unutmamalıdır ki, Azərbaycan hər baxımdan Ermənistandan qat-qat güclüdür. Buna rəğmən, dövlət başçısı açıq mətnlə bildirir ki, Ermənistan ərazisinə girmək fikrimiz yoxdur".
  Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistan tərəfi Naxçıvanla sərbəst gediş-gəlişimizə şərait yaratmalı, buna mane olmamalıdır: "Prezident İlham Əliyev Ermənistan hökumətinin başçısına növbəti dəfə çağırış edir ki, ağlınızı başınıza yığın, gəlin, masa arxasında normal müzakirələrimizi aparaq. Vurğulanan əsas məqamlardan biri də odur ki, İrəvan Azərbaycanın ərazi bütövlüyü, o cümlədən sülhlə bağlı məsələləri sadəcə sözdə ifadə etməməli, sənədlərə imza atmalı, əməli qaydada hərəkət etməlidir. Bu, Ermənistanla yanaşı, "sülh olsun" deyən tərəflərə də ünvanlanmış mühüm çağırışdır".