Fazil Mustafa: “Amma bu o demək deyil ki, ölkədə demokratiya, seçkidə rəqabət, alternativlik məsələsi arxa plana keçir”
“Rəqabət ortamı seçkilərdə mütləq olmalıdır, fikirlər çatdırılmalıdır”
“Kimsə səhər yuxudan durub, çayını, kofesini içir və deyir ki, seçkiyə qatılmayacaq. Bu, boykot demək deyil ki?!”
"Bir il tez, yaxud bir il gec olsa da, partiyanın seçki qərargahı, resursları daim seçkiyə yönəlik hazırlıq içində olmalıdır. Bu baxımdan seçkidə iştirak etməməklə bağlı bəhanələrin yeri yoxdur”
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 19-dan Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə başlanılıb. Sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək, yəni 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-a qədər təqdim edilməlidir. Müvafiq sənədləri Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim etməlidir. Növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı hələlik 7 nəfərdir. Mərkəzi Seçki Komissiyası sadəcə hazırkı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Müsavat Partiyası seçkidə iştirak etməmək qərarı alıb. AXCP isə seçkini boykot etdiyini açıqlayıb.
7 nəfər prezidentliyə namizədlər arasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da var. Deputatın prezidentliyə namizədliyi Partiyanın Ali Məclisinin iclasından sonra qərarlaşdırılıb.
Namizədlik və digər məsələlərlə bağlı "Sherg.az"a danışan millət vəkili, BQP sədri Fazil Mustafa deyib ki, prezident seçkisinin növbədənkənar formada keçirilməsini bəhanə etmək doğru deyil. Onun sözlərinə görə, hər bir partiya bütün dövrlərdə seçkilərə hazır vəziyyətdə olmalıdır:
"Bir il tez, yaxud bir il gec olsa da, partiyanın seçki qərargahı, resursları daim seçkiyə yönəlik hazırlıq içində olmalıdır. Bu baxımdan seçkidə iştirak etməməklə bağlı bəhanələrin yeri yoxdur. Təbii ki, dövlət başçısının hazırkı reytinqi bütün dövrlərdəkindən ən yüksək zirvədədir. Çünki Prezident Qarabağı işğaldan azad edib və hər bir azərbaycanlının məhz buna görə ölkə rəhbərinin fəaliyyətinə xüsusi mənəvi münasibəti var. Amma bu o demək deyil ki, ölkədə demokratiya, seçkidə rəqabət, alternativlik məsələsi arxa plana keçir. Rəqabət ortamı seçkilərdə mütləq olmalıdır, fikirlər çatdırılmalıdır. Ola bilsin ki, seçkidə iştirak edən namizədlərin hər biri kifayət qədər təcrübəli insanlardır. Öz fikirlərini, görüşlərini cəmiyyətə çatdırmaqla müəyyən dəstək qazana bilərlər. Eyni zamanda özlərinin elektoral bazasını genişləndirə bilərlər. Partiyalar məsələyə daha çox bu aspektdən yanaşırlar. Seçki prosesi tam şəffaflıq və rəqabət mühitində keçirilir. Prosesdə hansısa şəkildə məsələlərin nəticəvi hissəsi Azərbaycanın maraqları baxımından qiymətləndirilməlidir. Millətimiz, cəmiyyətimiz üçün xeyirlisi nədirsə, o aspektdə də məsələyə baxılmalıdır".
Millət vəkili vurğulayıb ki, əslində, seçki prosesində hər hansı boykot da baş verməyib:
"Çünki boykot hansısa bərabər güclərin, yaxud da yaxın güc nisbəti olan qüvvələrin addımı və elanı ilə reallaşır. Amma burada kiminsə elanından söhbət getmir. Kimsə səhər yuxudan durub, çayını, kofesini içir və deyir ki, seçkiyə qatılmayacaq. Bu, boykot demək deyil ki?! Boykotun siyasi əsaslandırması olmalıdır. Seçki elan olunan kimi "seçkidə iştirak etməyəcəm" sözü, əslində o anlama gəlir ki, "mənim resusrlarım yetərli deyil". Adama deyərlər, əgər indiyə kimi resursları yığa bilməmisənsə, 20 il siyasətdə nə boş-boş gəzirsən? Ona görə də bununla bağlı çağırışları, belə yanaşmanı mənasız hesab edirəm. Biz belə məsələdə daha fərqli yol izləyirik. Bütün seçkilərə hazır olduğumuzu hər zaman bəyan etmişik. Seçki prosesindən kənarda qalmağı siyasi cəhətdən doğru addım saymırıq. Bu baxımdan atılan addımların hamısı məqsədəuyğun şəkildə, özümüzün strategiyamıza görə həyata keçirilir. Təbii ki, həm də real vəziyyətdən, mövcud situasiyadan çıxış edirik. Seçki Məcəlləsi bunun qanunvericilik tərəfini, mövcud situasiya isə siyasi tərəfini təşkil edir. Fürsət düşüb ki, partiyamızın resurslarını müəyyən dərəcədə səfərbər edək, təbliğatını aparaq və öz fikirlərimizi cəmiyyətə çatdıraq. Azad, demokratik şərtlərdə iqtidarla mübarizə kontekstindən rəqabətimizi reallaşdıraq. Niyə bu fürsəti qaçırtmalıyıq? Siyasi maraqlarımız seçkidə iştirakı tələb edirsə, həmin maraqlara görə siyasətdə varıqsa, bunu davam etdirməliyik. Burada təəccübləndirici addım yoxdur".