Amma ölkənin Avropa meyarlarına uyğunluğu da son vaxtlarda çox aşağı düşüb
Gürcüstanda “Alt-İnfo”nun Rusiyapərəst radikalları etiraz əlaməti olaraq Avropa Birliyinin bayrağını yandırıblar. Məlumata görə, daha əvvəl Kremlyönlü hərəkatın üzvlərindən biri Laşa Şaruxiya Mtsxeta şəhərində administrasiya binasında quraşdırılmış ən böyük AB bayrağını yandırmışdı. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. Buna cavab olaraq “Alt-İnfo”nun tərəfdarları və üzvləri etiraz kampaniyasına başlayıblar. Onlar nümayişkaranə şəkildə AB bayraqlarını yandırıb, lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar. Radikallar Laşa Şaruxiyanın azadlığa buraxılmasını tələb edir, əks halda iğtişaşlara başlayacaqları ilə hədələyirlər.
Politoloq Azər Rəşidoğlu "Sherg.az" açıqlamasında deyib ki, son vaxtlar Gürcüstanda Kremlin təsiri artmağa başlayıb. Analitik vurğulayıb ki, Rusiyanın təsirinin artması ilə yanaşı, Qərbin də Gürcüstana marağı da artıb:
"Gürcüstan bu gün Cənubi Qafqazda Qərbin yeganə dayağı və sadiq müttəfiqi olaraq qalır. Onu da unutmaq olmaz ki, Türkiyənin regional rolu güclənir. Rusiyaya müəyyən bir tarazlıq yaradan hər hansı bir dövlət, amil, güc Gürcüstan üçün müttəfiqdir. Türkiyə NATO üzvüdür və Gürcüstanın bu alyansa qoşulmasını dəstəkləyir. Rusiyanın Cənubi Qafqazda nüfuzunun artması fonunda Gürcüstana "yol xəritəsi"nin verilməsini NATO-dan istəmək üçün şans yaranıb. Onu da nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünya iki cəbhəyə bölünüb. Qərb dövlətləri Rusiya ilə münasibətləri kəskin şəkildə məhdudlaşdıraraq Moskvaya qarşı ən müxtəlif sanksiyalar qəbul ediblər. Bu prosesdə Tbilisi özünü heç də nümunəvi müttəfiq kimi göstərmədi, demək olar ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Gürcüstanın hakim partiyasını başa düşmək olar".
Ekspert vurğulayıb ki, Ukrayna müharibəsi çoxu üçün xəbərdarlıq oldu: "Məsələn, Ukrayna müharibəsinə qədər Kişineu Avropa İttifaqına can atsa da, NATO ilə məsafə saxlamağa çalışırdı. Ukrayna müharibəsi Kişineunun da NATO-ya münasibətini tamam dəyişdi - Moldova hakimiyyəti Avropa İttifaqına və NATO-ya inteqrasiyanın ən müxtəlif variantlarını nəzərdən keçirdi. Bu variantlardan biri də “unionistlərin” - Rumıniya ilə birləşmək tərəfdarlarının yanaşmasıdır. Moldova və Gürcüstan Qərb üçün strateji coğrafiyadır. Gürcüstanın Avropa meyarlarına uyğunluğu son vaxtlarda çox aşağı düşüb və Rusiya da bu amildən istifadə etmək istəyir. Lakin əhali bir daha Rusiyanın ayağına getmək istəmir".