Politoloq: Qlobal Bakı Forumu universal xarakter daşıyır

Bakıda 11-ci Qlobal Bakı Forumu  işə başlayıb. Forumun devizi (Fixing the Fractured World) parçalanmış dünyanı düzəltməkdir.Foruma dünyanın müxtəlif yerlərindən 400 iştirakçı dəvət olunub. Onların arasında dövlətlərin indiki və keçmiş rəhbərləri, Nobel mükafatı laureatları da var.
Tədbir bu gün başlasa da, proqrama əsasən, ilk çıxışlar dünən axşam baş tutuB. Çıxışların mövzuları əsas gündəmə: Şərqlə Qərb arasında münasibətlər və Qəzzada indiki müharibəyə həsr olunub.
Bundan sonra oxşar və digər mövzularda çıxışlar baş tutacaq. Çıxış edənlər süni intellektin perspektivləri və riskləri ilə bağlı fikirlərini bildirəcək, Azərbaycana yaxşı məlum olan pilotsuz uçan aparatlar mövzusuna toxunacaqlar.

Maraqlədır, XI Qlobal Bakı Forumu parçalanmış dünyanı necə düzəldəcək?

Forumun təsirləri ilə bağlı "Sherg.az" a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi son illərdə böyük beynəlxalq platformaların, tədbirlərin təşkil olunduğu böyük bir mərkəzdir:

 "Artıq ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəlidir və ölkəmizdə keçirilən qlobal səviyyəli tədbirlər hətta bir çox ölkələrə nümunə göstərilir. Şübhəsiz ki, ölkəmizə olan yüksək etimad Prezident İlham Əliyevin Azərbaycan dövlətinin başçısı və Qoşulmama Hərəkatının sədri kimi yürütdüyü siyasətdən, irəli sürdüyü və gerçəkləşməsində aparıcı mövqedə dayandığı qlobal təşəbbüslərdən qaynaqlanır".

İ. Hüseynovun sözlərinə görə, Qlobal Bakı Forumu təmsilçilik səviyyəsinə və iştirakçılarının intellektual potensialına görə dünyanın aparıcı beynəlxalq konfranslarından biri olmaqla yanaşı, həm də bəşəriyyəti narahat edən ən müxtəlif problemlərin müzakirə olunduğu çoxşaxəli, unikal bir platformadır: 
"Əvvəla onu deyim ki, Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davosun yalnız iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq isə Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.
Forum Azərbaycanın G-20 kimi heç bir böyük assosiasiyaya üzv olmayan kiçik ölkələrin liderləri üçün platforma təmin edən ölkə kimi imicinin təbliğində rol oynayır. Bu, Azərbaycanın əsas beynəlxalq platformalarda de-fakto dünyanın əksər inkişaf etməkdə olan ölkələrinin flaqmanı olduğu dövrdə Qoşulmama Hərəkatında dörd illik sədrliyin nəticələrini möhkəmləndirməyə kömək edir. Belə ki, tədbirin əsas natiqlərindən biri Albaniya Prezidenti, keçmiş hərbçi Bayram Beqay olub. Bununla belə, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus kimi şəxs də iştirak edəcək. Son illərdə qlobal səhiyyə sahəsində baş verənləri nəzərə alsaq, onun tədbir iştirakçılarına və qonaqlarına deyəcəkləri çoxdur". 

Politoloq xüsusi olaraq vurğulayıb ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib: 
"Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi, yaxud da həmmüəllifi kimi məhz Azərbaycan ön sırada dayanır. Bu sadalananlar fonunda bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan məqamlar da bunu bir daha təsdiq edir”.