İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

İrəvan anklav və eksklavlar məsələsinə daha sonra baxılmasını, həmçinin bu cür sahələrin delimitasiya və demarkasiyasının hüquqi qüvvəyə malik sənədlər əsasında işlənməsini düşünür.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti “Sputnik Ermənistan”nın yazılı sorğusuna cavab olaraq bildirib.

Hökumət Ermənistanın Baş naziri Paşinyanın martın 12-də verdiyi bəyanata da istinad edərək, xatırladıb ki, rəsmi İrəvanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası yoxdur:

“Lakin Ermənistan da öz suveren ərazilərini təslim edə bilməz. Mübahisəli ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu, hüquqi qüvvəyə malik sənədlər əsasında olmalıdır. De-yure Ermənistan ərazisi Ermənistanın, Azərbaycan ərazisi isə müvafiq olaraq Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır. İrəvan bütün sərhəd boyu belə qərarlar qəbul etməyə, eyni formuldan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə də istifadə etməyə hazırdır”.