Məlum olduğu kimi artıq VII çağırış Milli Məclisə seçkilərə start verilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Sherg.az sözügedən partiyalardan kimin namizəd olması ilə bağlı sorğu keçirib.
Sorğunu təqdim edirik:
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, VHP parlament seçkilərində iştirakla bağlı qərar verib:
“Hazırda partiya parlament seçkilərinə hazırlıq prosesini öz ənənələrinə sadiq qalaraq həyata keçirir və hüquqi proseslərlə bağlı işlər görülür. Partiyanın Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndələrinin siyahısı təsdiq olunub. Artıq bəzi dairələrə namizədlər də təqdim olunub. Bu günlərdə namizədlərin tam siyahısı ictimaiyyətə elan olunacaq”.
Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd edib ki, Respublikaçı Alternativ Partiyasının (REAL) rəsmi nümayəndələri heç bir problem olmadan Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçdilər:
“Onlar bütün seçki sürətinin rəsmi istiqamətlərini yönləndirəcəklər. Partiya olaraq 13 namizədimiz var. Hamısının sənədləri Dairə Seçki Komissiyalarına ilkin araşdırma üçün təqdim edildi. Mən də namizədliyini verənlər sırasında yer alıram. Yaxın 4-5 gün ərzində ilkin qeydiyyatdan keçməklə bağlı xəbər almalıyıq və imza vərəqələrini götürməliyik. Bundan sonra isə imza toplama mərhələsi başlayacaq. Bütün namizədlər 3-4 gün ərzində ərizələri toplayıb təhvil verəcək. Proses hələlik çox rəvan və planlaşdırmış şəkildə gedir”.
AĞ Partiya sədri Tural Abbaslı isə vurğulayıb ki, partiyanın namizədləri artıq məlumdur:
“Sadəcə olaraq namizədlərin böyük əksəriyyətinin dairələrinin dəqiqləşdirilməsi məsələsi var. Bu proses də dairə komissiyalarına təqdim olunana qədər davam edəcək. Çünki müttəfiq və rəqib partiyaların namizədlərini nəzərə alırsan. Eyni zamanda, namizədlərin şəxsi seçimi də önəmlidir. Çalışacayıq ki, maksimum çox dairədən namizədlərmizi irəli sürək. Digər tərəfdən namizədlərə dəstək üçün imzaların toplanması da əsas məsələdir. 2-3 həftə ərzində həmin prosesi həyata keçirmək lazımdır. Dünən Mərkəzi Seçki Komissiyası səlahiyyətli nümayəndələrin siyahısını təsdiqləyib. MSK-dan həmin şəxslərin sənədlərini gözləyirik. Ümid edirik ki, AĞ Partiya sözügedən seçkidən sonra parlamentdə partiyalar sırasına girə bilər”.