Ermənistanın siyasi elitasının nəyə görə dərin narahatlıq hissi keçirməsinin səbəbini, motivini başa düşmək olar
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Artıq üç aydır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası keçirilir.
Prosesi izləyən ictimaiyyət üzvlərinin fikrincə, Azərbaycana qarşı hərbi cinayətlərdə, o cümlədən insanlıq əleyhinə cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin məhkəməsi son 30 ildə törədilən bütün vəhşiliklərin mahiyyətini açır.
Təqsirləndirilən şəxslərin ifadəsi və təqdim edilən sübutlar, istintaqın gedişindən məlum olur ki, Azərbaycanın 20 faiz ərazisinin işğalı Ermənistanın rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilib. Ermənistanın keçmiş rəhbərləri terror ideologiyasının banilərindən olub. Onların Azərbaycan xalqına qarşı cinayətləri təqsirləndirilən şəxslərin ifadələri ilə təsdiq olunub.
Siyasi ekspert Bəybala Mirzəyev “Sherg.az"a açıqlamasında deyib ki, erməni məhbusların Bakı Hərbi Məhkəməsinin kürsüsündən səsləndirdikləri şok etiraflar Paşinyan üçün həqiqətən də öldürücüdür:
“Bu dəfə kürsüdə Levon Mnatsakanyan idi. 1955-ci ildə bizim Xankəndidə doğulan L.Mnasakanyan uzun müddət Ermənistanın dövlət xadimi və hərbçisi olub. 2015-2018-ci illərdə keçmiş qondarma "dqr"-in "Müdafiə naziri" vəzifəsini yerinə yetirib.
2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı zamanı xüsusi təyinatlılarımız tərəfindən yaxalanaraq Bakıya gətirilib.
Martın 17-də davam etdirilən məhkəmə-baxış iclasında Levon Mnatsakanyan prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və vəkilləri tərəfindən verilən çoxsaylı sualları cavablandırıb.
L.Mnatsakanyanın cavabları, etirafları istər Nikol Paşinyanı, istərsə də ondan öncə Ermənistana rəhbərlik etmiş şəxsləri Beynəlxalq Məhkəməyə verməyə və Ermənistan dövlətini bir layihə kimi, kantora kimi bağlamağa yetər.
Həmin ifadələr Azərbaycan ərazisində separatizmin necə yarandığını və bir çox məsələləri açıq şəkildə ictimaiyyətə nümayiş etdirir. Qukasyanın, Arutyunyanın, Mnatsakanyanın açıqlamaları pərdə arxasında qalanları üzə çıxarır. Bu məhkəmənin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan tarixçiləri və hüquq-mühafizə orqanları məlum araşdırmanı aparıb və dünya birliyinə sübutlar təqdim edib. Lakin bu sübutlar dəyər görmürdü, görməzdən gəlirdilər. Ancaq indi inkar edə bilmirlər. Çünki təqsirləndirilən şəxslər hərbi cinayətləri etiraf edir, hətta Azərbaycan tərəfinə məlum olmayanları da səsləndirirlər”.
B.Mirzəyev qeyd edib ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyan Qarabağda hərbi xidmətə 1992-ci ildə başladığını və həmin il oktyabrın 2-də döyüşlərdə yaralandığını, 1993-cü ildən 2012-ci ilədək qondarma qurumun “ordusu”nda hərbi xidmətini müxtəlif vəzifələrdə davam etdirdiyini, sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini təyin olunduğunu bildirib:
“O etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə danışan
Mnatsakanyan deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilir. Müharibə zamanı isə baş qərargah rəisi ölkənin rəhbərinə, baş nazirə tabe olur. Həmin vaxt isə Ermənistanda baş qərargah rəisi Onik Qasparyan, Baş nazir isə Nikol Paşinyan idi”.
B.Mirzəyev həmçnin qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən Levon Mnatsakanyan martın 3-də keçirilən iclasda verdiyi ifadəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı Ermənistan hərbçilərinə kiminləsə danışmağı, kiminləsə təmasda olmağı qadağan etdiyini də bildirmişdi:
“Əlbəttə, Paşinyan bu yolla Qarabağdakı bütün proseslərin Ermənistan rəhbərliyi tərəfindən yönləndirildiyini gizlədə biləcəklərini düşünürdü. Lakin "Azərbaycanın Nürnberqi" prosesi kimi diqqətləri cəlb etməyə başlayan məhkəmə prosesi indi həm Paşinyanın, həm də onun sələflərinin (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) bütün paxırlarını gün üzünə çıxartmağa, Ermənistan dövlətinin terrorçu-faşist mahiyyətini dünyaya göstərməyə başlayıb. Qarşıdakı iclaslarda isə hələ çox faktlar açıqlanacaq. Bu mənada, hazırda Ermənistanın siyasi elitasının nəyə görə dərin narahatlıq hissi keçirməsini səbəbini, motivini başa düşmək olar...”.