Nigar Camal: “Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən” - FOTO


İmişlidə 11 yaşlı qızın atalığından hamilə qalmasına sənətçilərimiz də biganə qalmayıb.

Oxu.Az xəbər verir ki, müğənni Nigar Camal məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Mən bilmirəm nə yazım, nə deyim?! Dünəndən bəri 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan? Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir bu təcavüzə məruz qalıb. Anası da susub...

Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? Axı, bu, insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərdimi iki körpənin həyatını məhv etməyə?”

41 yaşlı müğənni cinayəti törədən şəxsə ömürlük cəza verilməli olduğunu qeyd edib:

“Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, “olmaz”larla yox, daha şirin və yumşaq dillə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq.

Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın! Xüsusilə, bu atalığa ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib”.