Xalq artisti jurnalistə hücum edib  - Təfərrüatlar

Xalq artisti Könül Xasıyeva ilə jurnalist Pərviz Hüseynin məhkəməsi yekunlaşıb. 

“Sherg.az” xəbər verir ki, bu barədə jurnalist feysbuk hesabında status paylaşıb. O bildirib ki, daha əvvəlki məhkəmədə Xasıyeva üzərinə hücum çəkib:

“Məsələ o qədər çirkinləşdi ki, bu həddə gəlib çatmağını istəməzdim. Ancaq insanın əlində olmayan şeylər var. Bu gün onlardan birini yaşadım. Bu, utancverici mənzərəni nəinki yaşamaq, kənardan izləmək belə məni utandırır. Məlum olduğu kimi, Xalq artisti Könül Xasıyevayla aramızdakı məhkəmə mübahisəsi 7 aydan çoxdur ki, davam edir. Bu gün son olar deyə getdiyim proses Xasıyevanın vəkilinin performans çatışmazlığı sayəsində iyunun 1-nə ertələndi. Haqsız yerə ittiham olunduğum bir məsələnin qısa zamanda ədalətli yekunlaşmağını istəyirəm. Bu dəfə də vaxt uzandığı üçün əsəbdən məhkəmə zamanı panik atak keçirdim. Vəkilim Babək Həmidov halımı görüb çölə çıxmağını istədi. Qapıdan çıxan zaman çiyin çantamı əsəbdən yerə çırpdım. Bu zaman Xasıyevanın bacısı Tangiz Haşımova səs-küy salaraq mənim çantanı Xasıyevanın oğlu Kazıma doğru atdığımı iddia etdi. Sonra bunu daha da qabardaraq Xasıyevaya çatdırdı ki, oğlan Kazımın üstünə çanta atdı, onu vurdu. Halbuki koridorda Kazımdan əlavə 15-ə yaxın şəxs var idi. Mənim hərəkətim Kazımın orada olub-olmamağından asılı olmayaraq qeyri-ixtiyari çantanı yerə çırpmaqdan ibarət idi. Konkret hansısa hədəfə ünvanlanmamışdı. Hörmətli Xalq artistimiz isə bundan hiddətlənərək əlindəki çəliklə Səbail Rayon Məhkəməsinin binasında üstümə hücum etdi. “Sən mənim oğlumu döyürsən?!” iddiasının 5-i 1 manatdan idi. Mən isə sadəcə 2 saniyədə məruz qaldığım böhtanın şokunu yaşayırdım. Yaxşı ki, koridorda digər iclası gözləyən insanlar var idi. Çahargahvari hücumdan öncə su da verdilər ki, panik atakım keçsin. Bu insanlar isə məhz həmin an üstümə hücum etdilər…

Daha sonra Xasıyeva qaynar xəttə zəng edərək onu sakitləşdirməyə çalışan vəkilimin onu yaraladığını və mənim oğlunu döydüyümü iddia edib.
Mən? Özü də nasaz uşağı döymək, ona çanta atmaq? Xasıyeva onu öz mənafeyi üçün məhkəməyə gətirib ifadə verditdirdi, o danışdıqca mənim ürəyim ağrıyırdı. Hansı ki, biz onun vəziyyətini nəzərə alaraq hakimdən xahiş etdik ki, dindirilməsin. Xasıyeva ilə vəkili isə təkid etdi ki, dindirilsin. Kazımın ifadəsindən sonra isə Xasıyeva söylədi ki, oğlu xəstəlikdən əziyyət çəkir, onun dedikləri nəzərə alınmasın.
Hər şey cəhənnəm, mən o uşağı görəndə utanıram ki, saf xatirələri hansı mənzərələrlə dolur… Bunda az da olsa, mənim payım var. 
Bu həyatda heç kimin pisliyini istəmirəm. Allah hər kəsə layiq olduğu həyatı yaşatsın. Amin! Mübarizəm davam edir! Arxamda isə heç kim yoxdur. Çünki mən özümə, vəkilimə və məhkəmənin ədalətliliyinə arxayınam! Allah hamının ürəyinə görə versin! Tanrım heç kəsi 2 manatdan ötrü çirkin hallara düşürməsin. Dəstək olan hər kəsə isə təşəkkür edirəm”. 

Şou yazarı daha sonra hakimin son qərarını açıqlayıb:

“6 aylıq həbsimi, 40 min manatlıq təzminatı, üzr videosu çəkib sosial şəbəkədə paylaşmağımı tələb edən Könül Xasıyevanın bütün tələbləri rədd edildi. Məhkəmə məni 1000 manat cərimələsə də dövlətimə ödəyəcəyim ödəniş mənim üçün cərimə deyil, borcumuzdur və bu da mənim ürəyimcədir. Əsası, aylar ərzində bezmədən, usanmadan yanımda olan, məni sakitləşdirən, bəzən iclas zamanı gətirdiyi arqument, verdiyi suallarla ağzımı açıq qoyan dəyərli vəkilim və qardaşım Babək Həmidova təşəkkürümü edirəm. O, olmasaydı, hər nə qədər özümü cilovlasam da, emosionallığım məni haqlıykən haqsız vəziyyətə sala bilərdi. Bu zaman ərzində mənə dəstək olan hər kəsə minnətdaram. Bircə küskünlüyüm statusumu xəbər edib məni məhkəmə qapılarına aparan, ancaq proses zamanı yanımda olmayan bəzi media nümayəndələrinədir. Qaranquş gəldi gedərdi, adama qalan boz sərçədir”.