"Dincəlirdim, çadra ilə gəzməliydim?!"  - O video...

“Mən məzuniyyətdəydim, Vado Karovinin kürəkəni dedi ki, müqaviləyə xitam verilib. Heç bir problemimiz olmayıb, bir səbəb göstərilmir. Mənə may ayında xəbərdarlıq verilməli idi. Bu ümumiyyətlə insani hissdən uzaq bir şeydir”.

Bu sözləri “Sherg.az”a aparıcı Rövşanə Ağasəfqızı Space TV-dəki işindən azad edilməsi haqda deyib.

O bildirib ki, hazırda televiziyalarda iş tapmaq çətindir:

“Çünki sentyabr ayında bütün kanallarda yerlər dolur, iş tapmaq çətindir. May ayında deyilməliydi ki, işsiz qalmayım. Mən məzuniyyətdə ola-ola kürəkən müəllim zəng edir ki, müqavilənizə xitam verilib. Belə başa düşürəm, hərə öz kefi istədiyi kimi özəl kanalı idarə edir. Yəni belədi. Rəsmi qeydiyyatda idim. Heç nə danışılmayıb, sadəcə deyiblər ki, müqavilə bitib”.

R. Ağasəfqızı həmçinin bir neçə gündür sosial şəbəkələrdə müzakirə yaradan videosundan da danışıb:

“O nə deməkdir? Mənim öz bağımda, evimdə Qaxda çəkilib. İki-üç il bundan əvvəlin videosudur. Onun işdən çıxmağa nə aidiyyəti var ki? Orada kampaniyalıq nə var? Saytlar paylaşıb, pul qazanırlar. İnstaqramda şəxsi səhifəmdə paylaşmışam. Bağdayam, dincəlirəm, kostyum geyinməliydim? Yoxsa başımda çadra ilə  gəzməliydim?”.