Diaqnostik qiymətləndirmə onların fərdi bilik və bacarıqlarını ortaya çıxaracaq
Dekabrın 24-ü və 28-i orta məktəblərdə çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyinin məlumatına görə, diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
İmtahanın keçiriləcəyi ünvan da bəlli olub. Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris korpusu. Nazirliyin rəsmi saytında yer almış xəbərdə bildirilir ki, imtahanda iştirakla bağlı bildiriş veriləcək.
Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz olaylar, hətta faciələrlə sonlanan bədbəxt hadisələrə baxılsa, psixoloqların şagirdlərlə çalışması vacib xarakter alıb. Psixoloqların imtahanı məktəbə və məktəbliyə hansı üstünlükləri gətirəcək?
Kamran Əsədov: "Burada maraqlı məsələlər var. Təklif edirəm ki, orta məktəblərdə psixoloq vəzifəsində çalışanların heç də hamısı DQ-yə cəlb edilməsin"
Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, orta məktəbdə çalışanların müəllimlərin 1994-cu ildə keçirilən attestasiyasından sonra uzun müddət bu istiqamətdə heç bir iş görülmədi. Yalnız 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etdi və 2017-ci il də daxil olmaqla ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirildi:
- Etiraf etmək lazımdır ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. İndi növbə orta məktəblərdə çalışan digər personallara da çatır. Belə ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 2019-cu ilin sonuna qədər dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların da bilik və bacarıqlarının yoxlanılması məqsədi ilə diaqnostik qiymətləndirmə imtahanı keçiriləcək.
Bu addımın atılması ilə məktəb psixoloqlarının fərdi bilik və bacarıqlarını öyrənmək mümkün olacaq. Yəni savadlı psixoloqlar sırasından daha savadlıları seçilə biləcək. Əslində orta məktəblərdə psixoloq ştatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına görə ləğv olunaraq “sosial pedaqoq”la əvəz olunub. Lakin bizdə bu hələ də “psixoloq” ştatı kimi mövcuddur.
Amma burada maraqlı məsələlər var. Təklif edirəm ki, orta məktəblərdə psixoloq vəzifəsində çalışanların heç də hamısı DQ-yə cəlb edilməsin.
Birincisi, müvafiq ixtisas üzrə ali təhsil və yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil alaraq psixoloq diplomu olan şəxslər DQ-yə buraxılsın. İkincisi, test tapşırıqlarına "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından; əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasından; ümumi və sosial pedaqogikadan, yaş və uşaq psixologiyasından; sosial gigiyenanın əsaslarından; sosial-pedaqoji və diaqnostik metodikalarından; sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları salınsın. İmtahan proqramı və ədəbiyyat siyahısı imtahandan azı 2 ay əvvəl elan olunmalıdır. İmtahanlar kompüterlə yox, kağız daşıyıcı ilə həyata keçirilməli, imtahana problemli situasiyalar ilə bağlı esse əlavə olunmalıdır. Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərargah olmalıdır və həmin gün ixtisas üzrə test müəllifləri orda əyləşməlidir.
K.Əsədov qeyd etdi ki, müqəddəs bir iş üçün çəkilən əziyyət halal olmalıdır:
- Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqi ilə öncədən müəyyənləşmiş yerdə gedib oturub imtahan versə, əlavə söz-söhbət də olmaz.