Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunmalıdırmı?  - RƏY

Sertifikasiyada iki dəfə uğursuz olan müəllimlərin əmək müqavilələrinə xitam verilməsi  ictimaiyyətdə birmənalı qarşılanmayıb. 
Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev deyib ki, savadı olmayan müəllim məktəbdə dərs deməməlidir. savadsız müəllimlərin məktəbdə işləməyə mənəvi haqqı yoxdur: "Məsələ bu qədər sadədir. Mənim əsas məqsədim budur ki, bu adamlar məktəbdə dərs deməsin. İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin. Bizim də mənəvi haqqımız yoxdur ki, ona imkan verək ki, o uşağa dərs desin. O adama yazığımız gəlsin? Mənim daha çox uşaqlara yazığım gəlir, nəinki həmin adamlara".
Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır. 

Bəs, ekspertlər bu barədə nə düşünür? Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunması doğru yanaşmadır mı?

Təhsil eksperti Elşən Qafarov “Sherg.az"a açıqlamasında deyib ki, sertifikasiyadan ikinci dəfə yox, elə birinci dəfə uğursuz nəticə göstərən müəllimlərin əmək müqaviləsinə xitam verilməlidir: 
“Sertifikasiya qaydaları təhsil nazirinin çıxışları ilə müəyyən olunmur.  Azərbaycan hüququ dövlətdir. Təhsil naziri də öz çıxışlarında qaydalara və hüquqa əsaslanır.  Sertifikatlaşdırma ilə bağlı Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli  qərarında var və orada sertifikasiyanın keçirilməsi qaydaları konkret yazılıb.Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  öz əksini tapıb. 2018-ci il 12 iyun tarixində “Təhsil haqqında” qanuna və Əmək Məcəlləsinə  edilən dəyişikliyə əsasən dövlət  mülkiyyətində olan təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məsələlər qanunvericiliyə əlavə edilib. 
Həmin qərarda, o cümlədən “Təhsil haqqında” qanunda açıq şəkildə göstərilib ki, sertifikasiyada üzrlü səbəbdən iştirak etməyən, yaxud da sertifikasiyadan keçə bilməyən müəllimlər 1 il ərzində təkrar sertifikasiyadan keçirilir. Sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı isə Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilir. Yəni bu məsələ qanunvericilikdə konkret şəkildə göstərilib”.
E. Qafarovun sözlərinə görə, sertifikasiyanın məqsədi ümumtəhsil sistemində çalışan daha peşəkar şəxslərin sistemdə qalmasını təmin etməkdir. Bu, gələcəkdə onların peşəkarlığının artılrılması istiqamətində tədbirlərin görülməsi məqsədi daşıyır: 
“İbtidai təhsil ümumtəhsilin bünövrəsidir və təəssüf ki, sertifikasiyada iştirak edən  hər 100 müəllimdən 35-i keçid balını toplaya bilməyib. Halbuki  Azərbaycanda sertifikasiya imtahanlarının keçid balı  sertifikatlaşdırılma olan  digər ölkələrə müqayisədə daha aşağıdır. Biz Sertifikasiya təcrübəsini Ukraynadan götürmüşük. Onlarda keçid balı 60, bizdə isə  50 faizdir.   Orta məktəblərdə ibtidai  fənnləri  tədris  edən müəllimlərin bu qədər aşağı nəticə göstərməsi bütünlükdə cəmiyyətimiz üçün utancverici bir haldır. Hələ imtahanlar kifayət qədər yumşaq formada keçirilir. Mənən elə gəlir ki, müəllimlərin peşəkarlığını yoxlamaq üçün  şərtlər daha da sərtləşdirilməlidir.  Düşünürəm ki, özünə hörmət edən müəllim sertifikasiya imtahanından kəsilibsə, ikinci şansı belə  gözləmədən öz ərizəsi ilə  işdən  çıxmalıdır.  İbtidai  tədris kimi vacib bir məsuliyyəti icra edən müəllimlərin 10 bal toplaması  biyabırçılıqdır. Bu çox ciddi siqnaldır və mütləq şəkildə  real tədbirlər görülməlidir. Ən əsas isə orta ixtisas təhsillilərin Müəllimlərin İşə Qəbul İmtahanlarına buraxılması birmənalı olaraq  dayandırılmalıdır. Hətta builki MİQ-də iştirak edənlər belə müsabiqədən kənarlaşdırılmalıdır.  Hazırda  sistemdə işləyən və sertifikatlaşdırmadan keçən orta ixtisas təhsillilərin bakalavriat  səviyyəsində təhsil alması üçün Dövlət Proqramı qəbul olunmalıdır. Başa düşmürəm ki, sertifikasiyada iki dəfə uğursuz olan müəllimlərin əmək müqavilələrinə xitam verilməsi niyə bəzi insanlarda narazılıq yaradır.  Bir il müəllim yanına gedən bir insan sertifikasiyadan keçə bilmirsə, onun müəllim adını daşımağa haqqı yoxdur. Belələrinə ikinci şans verməyə belə dəyməz”.

Ekspertin fikrincə nazirin çıxışı isə özlüyündə cəmiyyətə çox ciddi mesajdır: "Heç kim istəməz ki, peşəsindən, tədris etdiyi fənndən məlumatı olmayan müəllimlər onun övladına dərs desin.  Qaydalar sərtləşdirilməli və 0-29 bal toplayan müəllimlər arasından 0-15 ballıq  nəticə göstərənlər günü sabahdan ərizə yazıb müəllimlikdən getməlidir. Yerdə qalanlara isə ikinci şans vermək olar”.