Cahid İmanlı: Pedaqoji proses müəllim nüfuzuna və biliyinə verilən dəyərdir

Məktəb direktorlarının işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.

O bildirib ki, sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor və direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq.

Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, bu fikirlə tam razıyam:

“Direktorlar sertifikasiyadan yaxşı bal toplayıbsa, deməli həmin müəllimin pedaqoji təcrübələri daha yaxşıdır və öz peşəsinə daha yaxından bələddir. Bu baxımdan məktəbin idarə edilməsində məhz məktəbin içərisində nüfuzu olan şəxslər, peşə nailiyyətlərinə və peşə sirlərinə daha yaxından bələd olmasıdır. Bir müəllim öz üzərində işləyərək sertifikasiyadan ən yüksək bal toplaması onun direktor olan zaman işlərinə məsuliyyətlə yanaşması və öz işini dərindən bilməsinə səbəb olur. Pedaqoji kollektivin hörmət etmədiyi, dərsləri yaxşı öyrətməyən və təcrübəsi olmayan müəllimlərin direktor olması təhsil sistemində digər təhsil verənlərin hüquqlarını pozaraq motivasiyasını aşağı salır. Ümumiyyətlə pedaqoji proses ilk növbədə müəllim nüfuzuna və biliyinə verilən dəyərdir. Yüksək bal toplayan müəllimlərin hökmən direktor olmalıdır məsələsi də düzgün deyil. Çünki, direktorun idarəetmə bacarıqları da olmalıdır. Ona görə də Elm və Təhsil Nazirliyi həmin müəllimlərin işə qəbulu zamanı idarəetmə bacarığını xüsusilə yoxlamalıdır. Həmçinin direktorluğa sənəd verən namizədlərə birinci tələb sertifikasiyada yüksək bal toplamaq olmalıdır. Bu qərar düzgün qərardır.”