İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
- Musa Qasımlı: “Dünyada milyonlarla insan yaşamaq uğrunda mübarizə aparır”
- Azərbaycanın təcrübəsi beynəlxalq tribunalarda nümunə kimi göstərildi
18 iyun ölkəmizdə İnsan Hüquqları Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsis edilib. Bu tarixin seçilməsi isə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlıdır. Belə bir günün təsis edilməsində məqsəd ölkəmizdə insan hüquqlarının təmin edilməsi, təbliği və bu sahədə hüquqi şüurun artırılmasıdır. Həmin tarixdən ötən illər ərzində hüquqi islahatlar sahəsində nəzərəçarpan irəliləyişlərə nail olunub. Azərbaycan dünyada müstəmləkə zülmünə, kolonizasiyaya məruz qalmış xalqların müdafiəçisi kimi tanınır və hüquqi dövlət olaraq ona hörmət edilir. Ölkəmiz beynəlxalq platformalara ev sahibliyi kimi də özünü təsdiq edib artıq. Bakı növbəti belə bir tədbirə ev sahibliyi edib. 18 İyun – İnsan Hüquqları Günü münasibətilə “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçirilib. Sammit insan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunub. Qeyd edilir ki, Sammit çərçivəsində “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə”, “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri”, “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzuları ətrafında müzakirələr aparılacaq. Həmçinin tədbirin yekununda Süni İntellekt və İnsan Hüquqları üzrə Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı müraciət ədliyyə naziri Fərid Əhmədov tərəfindən səsləndirilib. Cənab Prezidentin müraciətində qeyd olunur ki, müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı, bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır. “Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir. Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir. Xüsusi qeyd olunmalıdır ki, bu yaxınlarda Bakı şəhərində keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı inkişaf, rəqəmsal idarəetmə, insanyönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa və qlobal dialoqa ölkəmizin verdiyi töhfənin mühüm göstəricisi oldu. Bu kontekstdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir”. Cənab Prezident müraciətində vurğulayıb ki, bu inkişaf tendensiyaları insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan milli insan hüquqları institutları, o cümlədən ombudsman təsisatı yeni texnoloji çağırışlar dövründə insan hüquq və azadlıqlarının müdafiəsində və hüquq mədəniyyətinin təbliğində mühüm rol oynayır: “Əminəm ki, Ombudsmanların Beynəlxalq Bakı Sammiti bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsinə, insanyönümlü və hüquqa əsaslanan innovativ idarəetmə mexanizmlərinin təşviqinə mühüm töhfə verəcəkdir.
Sammitdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – ombudsman Səbinə Əliyeva bildirib ki, süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, sürətli və kompleks xarakter alıb. Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib. Bu səbəbdən süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır: “Bu sahədə milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Təsisatlar pozulan hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər. Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir. “Həmçinin tərəfimizdən “Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı yeni çap vəsaiti hazırlanıb. Bu nəşrdə süni intellekt texnologiyalarının insan hüquqlarına təsiri, mövcud risklər və müdafiə mexanizmləri sistemli şəkildə əks etdirilib. Bununla yanaşı, ombudsmanın dəstəyi ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “Rəqəmsal zamanda süni intellekt və mediasiya” adlı elmi-praktiki vəsait də nəşr olunub”, deyə Səbinə Əliyeva bildirib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə çıxışı zamanı qeyd edib ki, süni intellektin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal texnologiyalar qlobal xarakter daşıdığı üçün vahid hüquqi yanaşmaların və ortaq standartların formalaşdırılması vacibdir:
- Beynəlxalq institutlar tərəfindən süni intellekt texnologiyalarının hüquqi və etik çərçivəsinin müəyyən edilməsi məqsədilə qəbul olunan sənədlərdə insan hüquqlarının qorunması, etik prinsiplər, şəffaflıq, məlumat təhlükəsizliyi və insan nəzarəti məsələləri xüsusi vurğulanır. Həmin yanaşma göstərir ki, gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır. Bu baxımdan Ombudsmanların Beynəlxalq Bakı Sammiti hüquqi fikir mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platformadır. Əminəm ki, Sammit çərçivəsində aparılacaq müzakirələr insan hüquqlarının rəqəmsal mühitdə etibarlı müdafiəsi və süni intellekt texnologiyalarının hüquqi çərçivəsinin təkmilləşdirilməsi baxımından mühüm töhfə verəcək.
Milli Məclis sədrinin müavini, millət vəkili Musa Qasımlı “Şərq”ə açıqlamasında bildirdi ki, ölkəmizdə insan hüquqlarının qorunmasının qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Sammitin işində iştirak etdiyini deyən M.Qasımlı çıxışı zamanı bu məsələyə yer ayırdığını qeyd edib:
- İnsanın ən fundamental hüququ yaşamaq hüququdur. Təəssüf ki, bu gün dünyada həyata keçirilən bəzi siyasətlər nəticəsində milyonlarla insan bu hüquqdan məhrum olub, fiziki mövcudluğunu qorumaq uğrunda mübarizə aparır. Azərbaycanda isə ölüm cəzası Ümummilli Lider Heydər Əliyevin müraciəti ilə 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanun əsasında tamamilə ləğv edilib. Bu qərar insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri olub. Hazırda qlobal miqyasda baş verən mürəkkəb geosiyasi proseslər və təlatümlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması sahəsində sabitlik və təhlükəsizlik nümunəsi kimi çıxış edir. Ölkəmiz bu sahədə qazandığı təcrübə ilə öyrənilməyə layiq nümunə hesab olunur və insanların təhlükəsiz, sabit şəraitdə yaşaması üçün əlverişli mühit təmin edir. Sürətlə dəyişən müasir dünyada texnoloji inkişaf və innovasiyalar insan həyatını asanlaşdırmaqla yanaşı, yeni çağırışlar və risklər də yaradır. Bu səbəbdən dəyişikliklərə qarşı çıxmaq deyil, onları düzgün tənzimləmək və idarə etmək mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurası mühüm rol oynayacaq