"Mən məhkəmə olmamış müəllimin işdən çıxarılmasının əleyhinəyəm" - Təcrübəli pedaqoq 


"Bəzən, təəssüf ki, Təhsil Nazirliyi də, məktəb direktorları da, ictimai qınağa tuş gəlməmək üçün müəllimlərlə bağlı tələsik qərarlar qəbul edirlər"


 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

Sözügedən məktəb tərfindən yayılan açıqlamada bildirilib ki, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub.
Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.
Lakin İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmayıb və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirib. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb. 

Baş vermiş olayla bağlı fikrini “Şərq”ə bildirən təcrübəli pedaqoq Nabatəli Qulamoğlu müəllimin də, şagirdin də hüquq və vəzifələrinin olduğunu dedi:



- Heç kim müqəddəs deyil. Hər kəsin hüquq və vəzifələri var. Müəllimə kim hüquq verib ki, şagirdə qarşı şiddət göstərsin?! Müəllimin şagirdi döymək, vurmaq, zor tətbiq etmək hüququ yoxdur. Ötən dəfə Müəllim Assosiasiyasının tədbirində millət vəkilləri də vardı və çıxış edib deyirdilər ki, müəllim müqəddəsdir, KİV-in məktəbdə nə işi var, və sair. Orta təhsil müəssisəsi niyə ictimaiyyətə qapalı olmalıdır? Məktəblərlə bağlı niyə şəffaflıq olmamalıdır? Məktəb “7 kilid altında” saxlanılası müəssisə deyil. Məktəblərdə müşahidə kameraları olmalıdır ki, hər hansı neqativ hal baş verdikdə dəqiq, qərəzsiz araşdırılma aparılsın. Bəli, müəllimin də hövsələsinin sərhəddi var, müəllim də insandır, o da əsəbiləşə bilər. Elə müəllim də var, psixoloji testdən keçirilməlidir. Elə müəllim var, onu heç qoyun otarmağa da göndərmək olmaz. Çünki yaxşı çoban qoyunları heç vaxt vurmur. Şagird də cəmiyyətin bir fərdidir, şagird də cəmiyyətdən məktəbə gəlir və o da aqressiv ola bilər. Onsuz da hazırda cəmiyyətimiz başdan-başa aqressiyanın içindədir. Amma məsələ budur ki, hər hansı hal baş veribsə, mütləq araşdırılmalıdır. Mən məsələ araşdırılmamış, məhkəmə olmamış müəllimin işdən çıxarılmasının əleyhinəyəm. Müəllimlərlə bağlı araşdırılma aparllmadan qərar qəbul edilməməlidir. Bəzən, təəssüf ki, Təhsil Nazirliyi də, məktəb direktorları da, ictimai qınağa tuş gəlməmək üçün müəllimlərlə bağlı tələsik qərarlar qəbul edirlər. Sumqayıt şəhərində çox gözəl bir pedaqoqu dərhal işdən azad etdilər. Halbuki məsələ ciddi araşdırılma tələb edirdi. Ona görə deyirəm ki, müzakirə aparılmadan, məsələ ciddi araşdırlmadan, ekspert rəyi, məhkəmə qərarı olmadan müəllim işdən azad edilməməlidir. Müəllimin işinə o zaman dərhal xitam verilə bilər, əgər ortada konkret cinayət tərkibli əməl varsa. Digər hallarda isə “gözə kül üfürmək” məqsədilə müəllimin işdən azad edilməsi yanlışdır.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu