Sabah Zəlimxan Yaqub məzarı önündə anılacaq: "Kim istəsə gəlib ziyarətçilərə qoşula bilər"

Sabah saat 11:00-da mərhum Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
"Hansı gün Zəlimxan ölüb desələr,
O gün, bircə dəfə "of” çəkərsiniz”
deyən şairin ömür karvanının əbədiyyətə qovuşmasından düz üç il ötüb.
Xalqın sevimlisi, sazın-sözün fədaisi Zəlimxan Yaqub 2016-cı il yanvar ayının 9-da 65 yaşında dünyasını dəyişib. Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubovun "Şərq”ə açıqlamasına görə, şairin dünyasını dəyişməsinin üçüncü ildönümü ilə əlaqədar saat 11:00-da bütün Zəlimxan sevərlərlə birlikdə qohum- əqrəba, dost-tanış 1-ci Fəxri Xiyabanda onun məzarını ziyarət edəcəklər.
İctimaiyyət üzvlərindən heç kəsi xüsusi olaraq dəvət etmədiklərini vurğulayan B.Yaqubov deyib ki, kim istəsə məzarlığa gəlib ziyarətçilərə qoşula bilər: 
"Biz ancaq anım mərasimini işıqlandırmaları üçün telekanallara xəbər vermişik. 2020-ci ildə atamın 70 illik yubileyidir. Bütün gücümüzü yubiley mərasiminin keçirilməsinə sərf edəcəyik deyə, bu il anım mərasimini sadə keçirtmək qərarı aldıq. Gələn il üçün böyük tədbirlər silsiləsi nəzərdə tutulub”. 
B.Yaqubovun dediyinə görə, yazdığı bütün şeirləri və digər əlyazmalarını sağlığında özü çap etdirib: 
"Qalanları isə biz çap etdirdik. Hazırda şairin çap olunmayan heç bir əlyazması qalmadığı üçün nə onun anım mərasimində, nə də yubiley tədbirlərində kitab təqdimatı olmayacaq”.
Qeyd edək ki, şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb.
Şəymən