Dövlət rəhbərinə minnətdarlıq: “Millətimizə bu qədər diqqət və qayğı göstərirsiniz”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Paytaxt sakini Nərminə Mansurova dövlət rəhbərinə məktubunda qeyd edir:

 “Hörmətli cənab Prezident, ölkəmizin sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu. Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Yasamal sakini olaraq, Sizin Sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin sosial işçisi kimi Sizə xalqımıza, millətimizə bu qədər diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun!”.