“BMT-nin sənədlərini mərmiyə yapışdırıb müharibəyə başlamalıyıq”

Bu qurumun nizamnaməsinə görə Azərbaycanın torpaqlarını azad etmək imkanı var”



Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğınlar törədib. Ermənistan ordusunun hərbiçiləri işğal etdikləri Tərtər rayonunun "Üçüncü sovxoz" adlanan ərazisinə od vurub. Alov daha da genişlənərək qoşunların təmas xəttinə yaxınlaşıb. 
Bu günə qədər düşmənin tarixi abidələrimizi, milli sərvətlərimizin və torpaqlarımızı talan edib yandırdığının şahidi olmuşuq. Dəfələrlə bu məsələ gündəmə gətirilib işıqlandırılsa da, ortada heç bir nəticə yoxdur. Səbəb beynəlxalq qurumların ikili  yanaşmasıdır. Bəs, torpaqlarımızın yandırılması zamanı ölkəmiz özü hansı tədbirlər görməlidir?



Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələlərlə bağlı dövlət səviyyəsində addımlar atılmalıdır. QAT sədrinin sözlərinə görə, cəmiyyətimizdə dözümsüzlük əhval-ruhiyyəsi var. Hər kəs dövlətimizin müharibəyə başlamasını istəyir:

“Qarabağda gah yallı gedirlər, gah andiçmə mərasimi keçirirlər. Təəssüf ki, bunun qarşısını almağın düzgün formasını tapa bilmirik. Ən azından beynəlxalq təşkilatların qabağında məsələ qaldırılmalıdır ki, yanğınların törədilməsi birbaşa ekologiyaya vurulan zərbədir. Həmin ərazilərin torpaq qatını, bitki örtüyünü, heyvanat aləmini məhv edirlər. Əsas məqsədləri budur. Ona görə də bu məsələlər göz önündədir. Ermənilər göstərmək istəyirlər ki, işğal edilmiş ərazilər onlarındır, ona görə də istədiklərini edə bilərlər”.

A.Nağı bildirib ki, belə halların qarşısını almaq üçün Azərbaycan danışıqlardan tam şəkildə imtina etməlidir:

“1993-cü ildən bu vaxta qədər BMT-nin sənədləri qəbul olunub, amma heç birinin mənası yoxdur. Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sənəd qəbul edirlərsə, bu sənədləri başımızına altında qoyub yatmaq üçün istifadə etməli deyilik. Həmin sənədləri mərminin üzərinə yapşdırıb müharibəyə başlamalıyıq. Çünki sənədələr bizə müharibəni başlamağa imkan verir. Başqa bir yol yoxdur. Çünki torpaq işğal olunubsa, BMT nizamnaməsinə görə Azərbaycanın torpaqlarını azad etmək imkanı var”.