“Psixoloq da insandır, o da depressiyaya düşür...” 

“...Bəzən psixoloqlar da kimləsə danışmağa, problemlərini bölüşməyə ehtiyac duyurlar”


Psixoloqlar insanların ən yaxın dostlarıdırlar. Onlar ən çətin anlarda kömək əllərini uzadır, intiharın bir addımlığında olanları geri çəkir, ya da deyək ki, əzizlərinə, doğmalarına bəzən, hətta özləri də istəmədən “od püskürənlər”ə yardım edirlər.

Nəticədə psixoloqlar insanların gözündə ilahiləşir. Bəziləri elə düşünürlər ki, bu peşə sahibləri depressiyaya düşə bilməz, daim soyuqqanlılıqlarını, təmkinlərini qorumağa məcbur olmalıdırlar. Axı onlar da insandır. Onların da gündəlik qayğıları, problemləri ola bilər...

 Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızının fikrincə, bu, şərti yanaşmadır: 

“Əlbəttə, psixoloq iş fəaliyyəti ərzində emosiyaya qapılmamalı, soyuqqanlılığını qorumalıdır. Pasiyentin həyat hekayəsindən asılı olmayaraq, biz daim konkret məsələyə obyektiv prizmadan yanaşmalıyıq. Bu, peşəkarlıq tələbidir. Heç vaxt şəxsi düşüncələrimizi ortaya qoymamalıyıq. Əks halda diaqnoz dəqiq olmaz. Və biz pasiyentə kömək edə bilmərik. Deməyim odur ki, iş zamanı, yəni pasiyentlə münasibətdə nə olur olsun, sinirlərimizi cilovlamağa məcburuq”. 

Psixoloq, həmçinin qeyd edib ki, bu peşənin müəyyən tələbləri şəxsi xarakterə də təsir göstərir:

“Düzdür, bizim də həyatımız, sevdiklərimiz, sevmədiklərimiz, əsəbləşdiklərimiz var. Amma pasiyentlə o qədər işləyirik ki, artıq depressiyadan çıxmaq, aqressiyadan qorunmaq texnikalarına adət edirik. Bu, bir növ refleks halını alır. Ona görə də adətən psixoloqlar sözügedən neqativ hallarla daha az üzləşirlər. Fəqət bəzən psixoloqlar da kimləsə danışmağa, problemlərini bölüşməyə ehtiyac duyurlar. Bu zaman onların başqa bir psixoloq yanına getmələri, ya da özlərinin özlərini depressiyadan çıxarmaları şəxsi seçimdir və motivlərdən asılıdır. Hər halda bəzən “super vayzer”lərə də ehtiyac olur”.