DİQQƏT ! - Bu xəstəliyi olanlar zəncəfil istifadə etməsin! – AĞIR FƏSADLAR...

 “Mədə xorası olanlar, qanaxmaya meyilli yaraları olan şəxslərə zəncəfil istifadəsi məsləhət görülmür”



Rütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir. Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir. Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var. Onlar ağrını yüngülləşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.
 
Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır.  Ümumiyyətlə, zəncəfil  qan dövranının sürətlənməsi üçün də effektli təsirə malikdir. Zəncəfilin ən üstün keyfiyyətlərindən biri də soyuqdəyməni aradan götürməsidir.

Lakin zəncəfil düzgün qəbul edilmədikdə müəyyən fəsadlara yol aça bilər. Mədə yarasından əziyyət çəkənlər, qanı  və təzyiqi aşağı olanların zəncəfildən istifadə etməsi o qədər də məsləhət görülmür.



Həkim-dietoloq Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, zəncəfil qədim zamanlardan Azərbaycan mətbəxində istifadə olunub. 
Dietoloqun sözlərinə görə, zəncəfilin faydalı tərəfləri çox olsa da, əks göstərişləri də ola bilər:


“Zəncəfil insan orqanizminin immun sistemini möhkəmləndirir, mədə-bağırsaq sistemində bakteriyaları olanlara müsbət təsir göstərir. Amma mədə xorası olanlar, qanaxmaya meyilli yaraları olan şəxslərə zəncəfil istifadəsi məsləhət görülmür. Xüsusilə pandemiya dövründə insanlarda zəncəfilə kütləvi şəkildə meyillilik yarandı. Məlumatı olan və olmayan hər kəs dedi ki, zəncəfil xeyirlidir. Hətta qiymətlərdən çoxlu artım oldu”. 

Həkimin qənaətincə, bəziləri düşünür ki, zəncəfil dərman deyil, təbii vasitədir və çoxlu qəbul etsək, heç nə olmaz:

“Lakin digər orqanlarımıza xeyir vermək əvəzinə zədə vura bilərik. İnsanlar zəncəfil  içmədən öncə mədəsində yara olub-olmadığını araşdırmalıdır.

Çünki zəncəfil həmin yaraların fəsadlar yaratmasına, daxili qanaxmasına gətirib çıxara bilər. Həmçinin zəncəfildən çoxlu istifadə təzyiqi sala bilər. Ona görə qədərindən qəbul etmək lazımdır.

Daxili orqanlar normal olarsa, zəncəfil lazımlı miqdarda- gün ərzində 4 qram olmaq şərti ilə qəbul edilə bilər. Lakin zəncəfili davamlı şəkildə  qəbul etmək məsləhət görülmür. Arada məsafə vermək lazımdır. Çünki hər bir  bitkinin yan təsirləri də var. Qaş düzəldən yerdə göz çıxara bilərik”.