Rəsmi Bakının səbri tükənmək üzrədir

Ermənilərin sülh danışıqlarından israrla imtina etmələri müharibəni labüd edir

“Ermənistan hakimiyyətinin və Qarabağdakı qondarma rejimin bəyanatları, addımları sülh danışıqlarına daban-dabana ziddir”. 
Bu sözləri “Şərq”ə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan rəsmilərinin bir-birinə zidd açıqlamaları və hərəkətləri artıq təəccüb doğurmur.

Çünki ermənilərdən istənilən qeyri-insani və ikiüzlü davranışı gözləmək lazımdır: “Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan beynəlxalq tribunalarda “sülhdən” dəm vurur, digər tərəfdən isə hərbi geyimdə, əlində avtomat Qarabağdakı təlimlərdə iştirak edir, silahdan atəş açaraq poz verir. Separatçıların başında dayanan quldur Araik Arutyunyan həyasızca açıqlama verir ki, Azərbaycanla heç bir danışıqdan söhbət gedə bilməz, çünki rəsmi Bakı Xankəndini öz ərazisi hesab edir.

Ermənilərin əlində Gəncəni vuracaq raketin olduğunu deyir. Ermənistanın müdafiə naziri D.Tonoyan Azərbaycanı “yeni əraziləri tutmaqla” hədələyir. Bunlar artıq son nöqtədir və açıq mövqedir. Erməni riyakarlığı ilə yanaşı, həm də Azərbaycana verilən müharibə mesajıdır. Əgər ermənilər sülh danışıqlarına razı olmadıqlarını israrla vurğulayırlarsa, İrəvanla müzakirələrin nə mənası var?!”. 

Ə.Şahidov vurğulayıb ki, düşmən ölkənin XİN başçısı Zöhrab Mnatsakanyan Azərbaycanı növbəti dəfə ittiham edir. Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Yerevanı, guya, “sülhsevər” kimi təqdim etməyə çalışır:

“Yerevan işğal faktını maskalamaq üçün status-kvonu uzatmağa çalışır. Status-kvonu uzatmağın ən yaxşı yolu mənasız danışıqları sürdürmək, daha bir neçə il Minsk Qrupunun “tərəfləri görüşdürmək” tamaşasını seyr etməkdir. Ermənistanın məqsədi iddia etdiyi kimi bölgədə “sülhə, sabitliyə” nail olmaq yox, Azərbaycan tərəfini işğalla barışmağa məcbur buraxmaqdır.

Məhz buna görə Minsk Qrupunu yeganə “uğurlu” variant hesab edirlər. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, indiki həmsədrlik institutu perspektivsiz formatdır.

Ümumiyyətlə, bütün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində rolu sıfıra bərabərdir. Rəsmi Bakının səbri tükənmək üzrədir. Dövlət və xalq olaraq hamı münaqişənin həllini müharibədə görür. Azərbaycanın güclü ordusu var və qardaş Türkiyə yanımızdadır”.