“Ermənistan və bəzi xarici şirkətlər resurslarımızı dağıdıb" - Cinayət işi qaldırılsın !

"Azərbaycan təminat tədbirləri ilə bağlı Avropa  İnsan Hüquqları Məhkəməsinə müraciət edib"

“Vətəndaşlarımızın mülkiyyət hüquqi pozulduğu üçün Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə uyğun olaraq tədbirlər görülə bilər"

"Digər tərəfdən beynəlxalq əməkdaşlıq bizə tam imkan verir ki, belə şəxslərin axtarışına yol verilsin. Bu da interpol və avropol xətti ilə mümkün olacaq”


Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi və bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. İşğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir.

Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir. Bu ölkənin ixracda payı 17.4 faiz, yəni 457 milyon dollar həcmində olub.



Mövcud durumla bağlı “Sherg.az”a açıqlama verən beynəlxalq hüquq və geosiyasət üzrə professor Əfsər Sadıqov bildirib ki, dövlətimizin təbii resurslar və iqtisadi fəaliyyət üzrə suverenlik hüququ pozulub. Professor söyləyib ki, Ermənistan və bəzi xarici şirkətlər Azərbaycanın mülkiyyət və təbii resurslardan istifadə hüququndan açıq-aşkar istifadə edərək, qanunsuzluğa yol veriblər:

“Azərbaycanın  dövlət satınalmaları haqqında qanunu var. Məbləği 10 min dollardan çox olan layihələrin tenderə daxil olması vacibdir. Lakin qanunvericiliklə buna əməl edilməyib.

Ermənistan rəhbərliyi və xarici şəxslər fəaliyyətlərini həyata keçirərkən həm daxili qanunvericilik aktlarımızı pozublar, həm də qazanılan gəlir cinayətkar yolla əldə edildiyi üçün beynəlxalq normalara əməl edilməyib.

Məsələn, 1990-cı ildə “Strasburq Avropa Konvensiyası” qəbul edilib. Şübhəsiz ki, Azərbaycan Respublikası Baş Prokurorluğu məsələ ilə bağlı cinayət işi qaldırıb”.

Ə.Sadıqov vurğulayıb ki, yalnız sahibkarlıq maddəsi deyil, vergidən yayınma, gömrük rüsumlarının ödənilməməsi maddəsi ilə də cinayət işi qaldırılması təklif edilib:

“Eyni zamanda ekoloji qanunvericilik pozulub və dağıdıcı fəaliyyət həyata keçirilib. Bu amillər də nəzərə alınacaq. Həmçinin rəqabət qanunvericiliyinə də məhəl qoyulmayıb. İsveçrədə rəqabət qanunvericiliyinə çox ciddi baxırlar. Məsələn, İsveçrədə hansısa məhsul bazara daxil olur. Oğurluq yolu ilə əldə edilən eyni məhsul isə həmin bazarda daha ucuz qiymətə təklif edilir. Bu, digər şirkətlər üçün çox ciddi zərbədir. Həmin şirkətlər özləri maraqlıdır ki, qanunsuzluğa yol verən əks şirkətlərə qarşı cinayət işi qaldırılsın”.

Professorun sözlərinə görə, Azərbaycan təminat tədbirləri ilə bağlı Avropa  İnsan Hüquqları Məhkəməsinə müraciət edib:

“Vətəndaşlarımızın mülkiyyət hüquqi pozulduğu üçün Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə uyğun olaraq tədbirlər görülə bilər. Digər tərəfdən beynəlxalq əməkdaşlıq bizə tam imkan verir ki, belə şəxslərin axtarışına yol verilsin. Bu da interpol və avropol xətti ilə mümkün olacaq”.