“Ermənistan beynəlxalq məsuliyyətə cəlb oluna bilər” 

“Düşmən qadağan olunmuş döyüş silahlarından, kasetli bombalardan, fosforlu silahlardan istifadə edirdi”

“Bu, Ermənistanın açıq təcavüzkar cinayətidir”

“Dünyanın belə hallara susması isə başa düşülən deyil”



Dağlıq Qarabağ münaqişəsi zamanı "İsgəndər" ballistik taktiki raket sistemindən istifadə olunub”. 
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan  jurnalistlərə açıqlamasında bildirib.
“İstifadə olunub, lakin hansı istiqamətdə olduğunu deyə bilmərəm”,- deyə Akopyan brifinq zamanı “İsgəndər” raket sisteminin niyə istifadə edilməməsinə dair sualı cavablandırarkən bildirib. İlk gündən etibarən hamının gördüyü, düşmənin isə etiraf etmədiyi həqiqət, nəhayət, üzə çıxdı. 



BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev “Sherg.az”a açıqlamasında bunun ciddi beynəkxalq məsuliyyətə səbəb ola biləcəyini söyləyib:

 “Ermənilər ilk gündən etibarən istifadəsi qadağan olunmuş döyüş silahlarından, o cümlədən kasetli bombalardan, fosforlu silahlardan istifadə edirdi. Amma bunu boynuna almırdı.

İndi daha təhlükəli silahlardan atəş açdığını bütün dünyanın gözü qarşısında etiraf etdi. Qeyd edim ki, belə silahlar uzaqmənzilli olduğuna görə hərbi əməliyyatlarda istifadə edilməyib.

Başqa sözlə desək, daha çox məsafə qət etdiyinə görə Ermənistan onlardan döyüş əməliyyatlarından kənarda mülki əhalini vurmaq üçün istifadə etmiş olub. Bu, Ermənistanın açıq təcavüzkar cinayətidir. Generalın etirafı işğalçıların beynəlxalq hüququ kobud şəkildə pozmağının göstəricisidir. Buna dair kifayət qədər sübutumuz var.

Biz bütövlükdə müəyyən beynəlxalq qurumlarda məsələ qaldırmaq üçün ciddi əsaslara malikik. Hətta bildiyimə görə, general Ermənistanda istintaqa da cəlb edilib. Deməli, Ermənistan tam beynəlxalq məsuliyyətə də cəlb oluna bilər.

Dünyanın belə hallara susması isə başa düşülən deyil”.