Günün tələbidir

40 rayon və şəhərlər öz gəlirləri ilə yaşayacaq

Gələn il Azərbaycanın 40 rayon və şəhərləri xərclərini öz gəlirləri hesabına təmin edəcəklər. Bu məqam 2021-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb. Bildirilib ki, respublikanın 40 rayon və şəhərlərlə yanaşı, Xızı və Qobustan rayonları da gələn il büdcədən subsidiya ala bilməyəcək. Rayonların tədricən özlərini maliyyələşdirmək sisteminə keçməsi iqtisadçılar tərəfindən də yüksək dəyərləndirilir. Ekspertlərin sözlərinə görə, rayonların xərclərini özləri ödəməsi dövlət büdcəsinə qənaət etməklə yanaşı, həm də iqtisadi canlanma yaradacaq. 

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə bildirib ki, Azərbaycanın 40 rayon və şəhərlərinin xərclərini öz gəlirləri hesabına təmin etməsi olduqca vacib olmaqla yanaşı, həm də günün tələbidir. Deputatın sözlərinə görə, əslində rayonların özlərini maliyyələşdirməsinə çoxdan start verilib:
“Əsas məsələ odur ki, rayonlara daha çox investisiya cəlb olsun və bölgələrin maliyyə müstəqilliyini formalaşdırmaq mümkün olsun. Maliyyə muxtariyyəti çox vacib amildir. Digər tərəfdən bu addım büdcə xərclərinin qənaətinə, daha səmərəli sərf olunmasına gətirib çıxaraq. Həmçinin, bununla rayonlarda yerli iqtisadiyyatın və sahibkarlığın dirçəlməsi təşviq ediləcək, stimullaşdırılacaq. Nəticədə Azərbaycanın bütün rayonları hərtərəfli inkişaf yoluna qədəm qoyacaq”.