Gürcüstanda soydaşlarımız torpaqsız qalıb

Tələsik verilən qərar uzun müddət qarşıdurmalara səbəb olacaq

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan İkinci Kosalı kəndində yerli sakinlərlə gürcü din xadimləri arasında mübahisə baş verib. Tərəflər arasında gərginliyin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunub. Qarşıdurmaya son vaxtlar sakinlərin əkin sahələrindən istifadəsi ilə bağlı yaranan problem səbəb olub. Kənd sakinləri bildiriblər ki, əkin sahələrinin onlara aid olduğunu iddia edən din xadimləri icarə haqqı tələb edirlər.

Onların sözlərinə görə, Gürcüstanın Meşə Məcəlləsinə edilən dəyişikliklərdən sonra bu iddialar intensiv hal alıb. Məlumat üçün deyək ki, yeni Meşə Məcəlləsinə əsasən, kilsə və məbədlərə ətrafda 20 hektaradək torpaq sahələrini satın alaraq öz mülkiyyətlərinə qatmaq hüququ verilib.

Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov “Şərq”ə deyib ki, qanuna edilən dəyişiklik əksər kənd sakinlərini çətin vəziyyətdə qoyub. Birlik rəhbəri xatırladıb ki, gürcülər bizim kilsələri öz adlarına çıxsalar da, əslində həmin ibadət yerləri qədim Alban məbədləridir:

“Əvvəl kilsəmizə sahib çıxıblar, indi də bizə məxsus məbədlərin ətrafındakı torpaqlara yiyə dururlar. Dövlətin belə bir qanun çıxartması təəssüf doğurur. Kilsələrin ətrafındakı 20 hektar ərazinin məbədlərin sərəncamına verilməsi ciddi problemə çevrilməkdədir.

Əsasən bizim camaat bundan əziyyət çəkir. Bir çox kilsənin ətrafında əkin-biçinlə məşğul olanlar məhz azərbaycanlılardır. İkinci Kosalı kəndində din xadimləri hüquqi baxımdan özlərinin haqlı olduğunu iddia edirlər. İllərdir torpaqları əkib-becərən və oradan dolanan azərbaycanlılar isə özlərini haqlı görürlər”. 

Ə.Əsgərov vurğulayıb ki, əslində mübahisəli torpaqlar kəndlilərin də deyil. Rəsmi şəkildə İqtisadiyyat nazirliyinin balansındadır:

“Yeni qanunla nazirliyin balansından kilsələrin sərəncamına verilib. İqtisadiyyat Nazirliyi torpaqların istifadəsindən icarə haqqı tələb etmirdi. Lakin kilsələr haqq istəyir. Düşünürəm ki, vaxtı ilə qanuna dəyişiklik edilərkən səhvə yol verilib.

Tələsik qərar idi və dəyişiklik zamanı yerlərdəki şərait öyrənilməyib. Uzun müddət qarşıdurmalara səbəb olacaq bir qərardır. Ona görə də dövlət bu məsələyə yenidən baxmalı və ən uyğun qərar çıxartmalıdır”.