Ov turizmi üçün mükəmməl şərait yaradılmalıdır

Bu gün dünyada insanların marağını cəlb edən turizm növlərindən biri də ovçuluq turizmidir. Ölkəmizdə də bu sahənin inkişafı üçün imkanlar mövcuddur. Bu imkanlardan necə istifadə olunması məsələsində isə ortaya bir sıra suallar çıxır. Azərbaycan təbiətinin gözəlliyi ilə dünyada tanınmaqda olan ölkələrdəndir.
Ovçuluq turizmi ölkəmizdə 1963-cü ildən inkişaf etməyə başlayıb. Burada xüsusən balıq, quş, heyvan ovları mövcuddur. Ölkəmizə gələn turistləri əsas cəlb edən quş ovudur. Təsadüfi deyil ki, hər il ölkəyə quş ovlamaq üçün xeyli sayda turist gəlir. Pandemiyaya görə turizm sahəsində durğunluq yaşansa da, mediada yayılan məlumata görə, bu, ov turizminə o qədər də təsir etməyib. Bu yaxınlarda qalmaqallı bir hadisə də yaşandı. Ərəb turistlərinin ölkəmizdə qaydaları pozaraq ov etməsi hər kəsi hiddətləndirdi.

Düzdür, bununla bağlı cərimə tətbiq olundu. Amma bu, problemi həll etdimi? 



Mövzu ilə bağlı "Şərq" olaraq iqtisadçı-ekspert Rauf Qarayev ilə söhbətləşdik. O, ilk olaraq qeyd edib ki, ov edənlər sıradan şəxslər olmamalıdır:

"Azərbaycanda ov turizmi üçün əlverişli şərait var. Ona görə də qaydalar çərçivəsində turistlərə və yerli əhaliyə ov üçün icazə verilə bilər. Hazırda pandemiya dövrü olduğundan ölkəmizə turistlərin gəlib-getməsinə məhdudiyyətlər tətbiq olunub. Amma ölkəmizdə ov üçün əlverişli imkanlar var. Qeyd edim ki, ovçuluq mövsümünün başlanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Koordinasiya Şurası tərəfindən təsdiq edilir. Bu adətən may ayının sonunda başlayır və növbəti ilin fevral ayının sonunda bitir. Vətəndaşlar ov etmək üçün tüfəng almalı və onu Daxili İşlər Nazirliyinin orqanında təsdiq etdirməlidirlər. Bundan sonra öz sənədlərini Regional ekologiya idarələrinə təqdim etməlidirlər. Habelə, məşğul olacağı ovu qeyd etməlidirlər və dövlət rüsumunu ödəməlidirlər. Bundan sonra orqan xüsusi icazə verərək sənəddə qeyd edir ki, nə vaxt ov etmək olar, hansı yerdə və nə qədər heyvan vurmaq olar. Xarici vətəndaşlar icazə üçün ovu təşkil edən orqan tərəfindən Bakıda yerləşən ASAN xidmət mərkəzlərinə müraciət olunur. Xarici vətəndaşın sənədi təqdim olunur və dövlət rüsumu ödənilir. Bundan sonra sənədlər Ekologiya orqanına göndərilir və icazə verildikdə orada da ovun yeri, növü və heyvanları ovlamaq üçün sayı qeyd olunur. Görünür, ərəblər bu qaydaları kobud surətdə pozub və onların ov etmək səlahiyyəti olubsa da, buna nəzarət olunmayıb. Nəticədə yalnız ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, ictimai nəzarətin olması bu məsələni ortaya çıxmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, biz marşrutlara nəzarət etmirik. Yalnız qanunvericilik baxımından qayda pozularsa, həmin şəxslər cərimə olunur. Amma təklifim ondan ibarətdir ki, əgər orqanın səlahiyyətində deyilsə, o halda yaxşı olardı ki, ictimai nəzarət üçün müəyyən şəxslərə təlim keçirilsin, o şəxslər də ictimai nəzarət etsin". 

İqtisadçı-ekspert əlavə edib ki, hər bir rayonda belə bir işi öhdəsinə götürən şəxslər olmalıdır:

"Hesab edirəm ki, bütün ASAN xidmət mərkəzlərində ova icazə alınması prosesi üçün xüsusi vahid pəncərə açılmalıdır. Xarici vətəndaşlar gedib Bakıdakı ASAN xidmətə yox, lazım gəldikdə yerlərdəki ASAN xidmət mərkəzlərinə müraciət etsinlər. Bundan əlavə, ölkə vətəndaşları üçün də bu tətbiq olunsun. Öz təcrübəmə əsaslanaraq qeyd etmək istəyirəm ki, bir çox hallarda orqanın regional bölmələri müraciətlərə səthi yanaşırlar".

R.Qarayev ov turizminin iqtisadiyyatımıza olan müsbət tərəflərindən söhbət açıb:

"Gəlir gətirmək həm dövlət, həm də əhali baxımından faydalıdır. Belə ki, xarici turistlər bura ov üçün gələndə müəyyən vəsait xərcləməli olurlar. Onlar həm oteldə, həm də kirayə evlərdə qalırlar. Digər məqam isə bildiyiniz kimi, ov turizmi həm də bir çox heyvanların çoxalması və onların çərçivədə qalması üçün faydalıdır. Bu baxımdan ölkədə ov turizmi digər turizm sektorunu inkişaf etdirmək də təkanverici rol oynayır.

Bu səbəbdən ov turizmi daha da inkişaf etdirilməlidir və bunun üçün müəyyən addımlar atılmalıdır".