Ağ xalatlıların da qapıları döyülür

"Kimliyindən asılı olmayaraq rüşvətlə məşğul olanlar həbs ediləcək və onlara heç bir güzəşt edilməyəcək"


Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu həbs edilib. "Yeni klinika" tibb müəssisəsinin direktorunun da qanunsuz əməlləri ifşa edilib. Tibb müəssisəsinin direktoru Abbasov Pərviz Akif oğlu saxlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hər iki şəxs rəhbər olduqları qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, koronavirus xəstələrindən özlərinin rəhbəri olduqları tibb müəssisələrinə yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov da həbs edilib. O da rüşvət almaqda ittiham edilir. Belə ki, Məmmədov vəzifə səlahiyyətlərindən istifadə edərək, vətəndaşdan Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən koronavirus xəstələri üçün modul tipli xəstəxanasına yerləşdirilməsinə kömək etmək üçün 4 min manat aldığı müəyyənləşib.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, həkimlərin bu əməlləri qeyri-humanist hərəkətdir:

"Azərbaycanda xeyli müddətdir deyilir ki, korrupsiyaya və rüşvətxorluğa bulaşmaq olmaz. Kim korrupsiya və rüşvətlə məşğul olacaqsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Amma bütün bu mübarizələrə və Prezident İlham Əliyevin hər dəfə bu barədə xəbərdarlıqlarına baxmayaraq, vəzifəli şəxslərin bu şəkildə cinayət əlaqəsinə girərək koronaviruslu xəstələrdən 3000-3500 manat pul müqabilində xəstəxanaya yatırmaları qeyri-humanist hərəkətdir. Çünki onlar bu məsələni müzakirə edib, ciblərini doldurmaqla bağlı işlər aparanda bəlkə də kimlərsə, nəfəs çatışmazlığından və xəstəlikdən dünyasını dəyişib". 

R.Nurullayev vurğulayıb ki, pandemiyanın ilk günlərindən Azərbaycanda koronavirus xəstələrinin vəziyyətinin yüngülləşdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər pullar ayrılıb:

"Bildiyimiz kimi, koronavirusla bağlı fond yaradılıb. Koronavirusla bağlı yaradılan fonda 100 milyondan artıq vəsait köçürüldü və dövlət büdcəsindən pullar ayrıldı. Yeni-yeni xəstəxanalar tikildi və xəstəxanalarda çarpayı sayı 10-15 dəfə artırıldı. Təbii ki, bütün bunlar da koronaviruslu xəstələr üçün edilib. Hətta bir çox iş adamları Azərbaycana tibb avadanlıqları aldılar və tibbi maşınlar göndərdilər.

Lakin bütün bunlara rəğmən yenə də narazılıq var. Dərmanlar da pulsuz verilməli idi, amma biz gördük ki, hətta xəstəxanalara pulsuz verilən dərmanlar da hansısa yollarla apteklər və ya şəxsi əllərlə koronaviruslu xəstələrə yüksək pul müqabilində satıblar. Çünki bəzən xəstəxanada yatan insanlar da şikayət edirdi ki, bizə filan dərmanlar verilmir, iynələr vurulmur və sair. Amma dövlət bunlarla bağlı kifayət qədər pul ayırmışdı.

O baxımdan hesab edirəm ki, bu cür hadisənin baş verməsi ilə yenidən bu cür korrupsiya və rüşvətxorluqla məşğul olan insanlara mesaj verildi. Yəni kimliyindən asılı olmayaraq rüşvətlə məşğul olanlar həbs ediləcək və onlara heç bir güzəşt edilməyəcək. Buradan çıxan nəticə budur ki, hər bir məmur vətəndaşa xidmət etməlidir. Hər bir məmur vəzifəsinin üzərinə qoyduğu öhdəliyi qanunun müvafiq maddələrinə uyğun olaraq yerinə yetirməlidir. Və qeyri-qanuni yollarla varlanmaq fikrindən də əl çəkməlidir.

Pandemiya elə bir dərddir ki, biz nə qədər tez onunla səmimi mübarizə aparsaq, tez də canımız qurtarar. Nəticədə iqtisadiyyat açılar və insanlarımız da rahat nəfəs alar".