Politoloq: “Münhen debatı erməni yalanlarının ifşa olunması baxımından çox böyük rol oynadı”

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan debat 100 ildir mövcud olan erməni yalanlarının ifşa olunması baxımından çox böyük rol oynadı”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Ekspert bildirib ki, əslində bu müzakirələri debat xarakterli hesab etmək olmaz. Çünki debat mahiyyətindən tamamilə uzaq idi: 

“Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə dərs keçdi. Adətən debatlarda iki tərəfin öz arqumentləri, fikirləri, tezisləri və ideoloji yanaşmaları toqquşur. Amma burada toqquşan heçnə olmadı. Bu debat liderlər səviyyəsində iki dövlət arasında uçurum qədər olan fərqləri əyani şəkildə ortaya qoydu. Bir tərəfdə praqmatik, yüksək təhsilə, dünya görüşünə, intellektə və peşəkar dil bilgisinə malik dünya səviyyəsində tanınmış lider var idisə, digər tərəfdə meydan təfəkkürlü, fikirlərini populistcəsinə ifadə edən, heç bir real fakta söykənməyən savadsız bir baş nazir var idi. Münhen görüşü ilə biz Azərbaycan xalqının tarixi reallıqlarını, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri ilə bağlı həqiqətləri, ermənilərin işğalçılıq siyasətini və Xocalı sıyqırımı ilə bağlı reallıqları dünyaya çatdırmış olduq.



Bunun qarşısında erməni hökumətinin başçısı öz zəifliyini, acizliyini nümayiş etdirdi. Onu da mütləq qeyd etmək lazımdır ki, debat çərçivəsində illərdir çürümüş ideya kimi dünyaya sırınmağa çalışılan “Böyük Ermənistan” düşüncəsinin əslində heç bir əsasa söykənmədiyi də bəlli oldu”.