Əlinə fürsət düşən kimi yenidən bombalayacaq

Amerika Əfqanıstan siyasətində geri çəkilmir


Ağ Evin sözçüsü Cen Psaki ABŞ Prezidenti Co Baydenın Kabildə Amerika əsgərlərinin həyatına son qoyan terrorçulardan qisas almaq üçün Əfqanıstandakı Amerika ordusuna əllərindən gələn hər şeyi etməsinə icazə verdiyini söyləyib. Psaki prezidentin komandirlərə heç bir şey qarşısında dayanmamalı olduqlarını, Amerika əsgərlərini öldürən İŞİD-in cavab verməli olduğunu söylədiyini bildirib. O qeyd edib ki, ABŞ-ın Əfqanıstanda cümə axşamı günü İŞİD yaraqlılarına hücumundan sonra etdiyi hərəkətlər özünümüdafiədir.

Amerikanın Əfqanıstan siyasətinin fiaskoya uğradığını deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə vurğulayıb ki, artıq Əfqanıstanda İŞİD və "Taliban" kimi terror təşkilatları öz inkişaf mərhələsinə çatıb. O qeyd edib ki, görünən odur ki, 20 il ərzində ABŞ orda ola-ola İŞİD bazalarının yaradılmasına və inkişafına göz yumub:

"Təxliyə prosesində əgər İŞİD Əfqanıstan aeroportunda terror həyata keçirirsə, bu, əlbəttə ki, Amerikanın strateji səhvidir. Düzdür, Amerika yeni bir bəhanə əldə edərək növbəti mərhələdə Əfqanıstanı yenidən bombalayacaq. Bu onu göstərir ki, Amerika Əfqanıstan siyasətində geri çəkilmir. Ümumiyyətlə, Əfqanıstan artıq regiona təsir etmək üçün  yeni plasdarmdır. Burada Rusiyanın, Çinin də öz maraqları toqquşur, həmçinin prosesdə Türkiyə də var. ABŞ istəyir ki, öz qoşunlarını Qırğızıstanda yerləşdirsin və burada İŞİD-in mövqelərinə, o cümlədən "Taliban"a da müəyyən zərbələr endirsin. Göründüyü kimi, ABŞ Əfqanıstan siyasətindən geri çəkilməyib və yalnız öz ordusunu oradan çıxarıb. ABŞ hazırda regiondadır və proseslərə nəzarət etmək iqtidarındadır. Əlbəttə ki, xüsusilə Mərkəz Asiya istiqamətində yeni böhran qapını döyür. Bu müharibənin başlamaması üçün regionda gərək Çin, Rusiya və Mərkəzi Asiya ölkələri birlik nümayiş etdirə və xaosun qarşısını alarlar. Yoxsa proses böhrana doğru gedəcək. Görünən odur ki, ABŞ regionu yeni bir bataqlığa salmağa çalışır".

Politoloq diqqətə çatdırıb ki, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstan siyasəti yeni toqquşmalara yol aça bilər:

"Əfqanıstandan öz ordusunu çıxaran Vaşinqton Qırğızıstanla danışıqlar apararaq öz hərbi qüvvələrini Mərkəzi Asiyada yerləşdirməyə çalışır. Bu ölkədən Əfqanıstanı nəzarətdə saxlamaq, həmçinin Mərkəzi Asiyada cihadçı qruplara dəstək verməklə, regionda Çin və Rusiyaya qarşı yeni bir strateji xətt həyata keçirməyi planlayır. Tacikistanda, Özbəkistanda və Qazaxıstanda radikal dini terrorçular var. Onları bir yerdə cəmləşdirib, Çinin Uyğur bölgəsində də yeni bir terror fəaliyyətinə stimul verməsi mümkündür. Məqsəd Mərkəzi Asiya üzərindən Rusiya və Çinin artan beynəlxalq nizamda fəaliyyətinin qarşısını almaq və daxili problemlərə çəkməkdir. Əgər Qızğızıstan və Özbəkistan ABŞ bazalarına ev sahibliyi edəcəksə, Mərkəzi Asiyada stabillik pozulacaq və dini radikallar inkişaf edib, "Taliban"la əlaqələri inkişaf etdirəcək. Nəticədə bu ölkələrin daxili siyasi vəziyyəti xaosa yuvarlana bilər. Göründüyü kimi, Orta Asiya və Orta Şərqdə geosiyasi vəziyyət böhrana yuvarlanır. Beynəlxalq güc olmaq üçün Çin, ABŞ və Rusiya üçbucağında siyasi-hərbi böhran yeni mərhələyə keçmək üzrədir".