Rusiyanın məkrli planını Ukrayna gözəl anlayır

Samir Hümbətov: "Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində istər Krım, istər Donetsk və Luqansk məsələsində hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib"

Son dövrlər mediada ən çox müzakirə olunan məsələlərdən biri Ukraynanın təşkil etdiyi “Krım Platforması”nda Azərbaycanın iştirak etməməsi və bu platformaya dəstək verməməsidir. 

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan və Ukrayna arasında sıx siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur:

“Təbii ki, bu əlaqələrin kökü bir əsrə yaxındır. Yəni həm Azərbaycan, həm də Ukrayna 70 ildən artıq SSRİ tərkibində müttəfiq respublikalar olduğu kimi SSRİ dağıldıqdan sonra da bu münasibətləri daim davam etdiriblər və bu gün də bu münasibətlər davam edir. 2020-ci ilin statistikasına baxdıqda Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcminin 771 milyon dollardan artıq olduğunu görə bilərik. Bu isə hər iki dövlət arasında olduqca yüksək göstərici kimi qəbul edilə bilər. 

Azərbaycanla Ukrayna ikitərəfli əlaqələrdə, regional təşkilatlar səviyyəsində (GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s.), beynəlxalq təşkilatlar səviyyəsində daima bir-birinin ərazi bütövlüyünü dəstəkləyib və indi də dəstəkləməkdədir. Hətta onu da qeyd etmək olar ki, İkinci Qarabağ savaşında da Ukrayna Azərbaycana açıq siyasi dəstəyini nümayiş etdirdi”.

Politoloq ”Krım Platforması”nda iştirak etməmək Azərbaycan-Ukrayna əlaqələrinə ciddi təsir edə bilərmi” sualına da aydınlıq gətirib: “Şübhəsiz ki, siyasət ağıl və məntiq oyunudur. Siyasətdə hissə qapılmaqla doğru nəticə əldə etmək çətin məsələdir.

Həmin oyun həm də Azərbaycan və Ukrayna məsələsində də öz təsirini göstərə bilər.

Məlum məsələdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya “sülhməramlıları” Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunub. Bu “sülhməramlılar” demək olar ki, orada sülhün təmin olunmasından daha çox bölgənin erməni əhalisinə qulluq edirlər.

Görünən odur ki, Rusiya “sülhməramlıları”nın əsas məqsədi bütün gücü ilə çalışıb bölgədə təxribatlar yaratmaq və yarana biləcək qeyri-stabilliyi bəhanə edərək hələ uzun müddət regionda qala bilməkdir.

Azərbaycan tərəfi Rusiyanın bu məkirli planından xəbərdar olduğu üçün sözügedən platformada iştirak etməmək qərarı aldı. Fikrimcə, Azərbaycan bu qərarla regionda yarana biləcək hansısa xoşagəlməz hadisələrin qarşısını almış oldu”.
Siyasi analitik hesab edir ki, Ukrayna ərazi bütövlüyü məsələsində Azərbaycanın tutduğu mövqeyi yaxşı başa düşür: “Belə xırda məsələlər Azərbaycan-Ukrayna əlaqələrinə hansısa formada ciddi təsir göstərə bilməz.

Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində istər Krım, istər Donetsk və Luqansk məsələsində hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və fikrimcə, bundan sonra da bu tendensiya davam edəcək. Hər iki ölkə arasında mövcud olan bütün sahələrdə əlaqələrin daima qarşılıqlı şəkildə inkişaf etmək imkanları daima mövcuddur”.