“Bəzi ixtisaslarda erməni dilinin tədrisi önəmlidir”

“Məsələ ondadır ki ,bu dili bilməklə biz  erməni mənbələrini oxumalı, informasiya qaynaqlarına gedib çıxmalıyıq”

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanıldığı haqda  məlumat  yayıb. Burada təlimlər Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunacaq. Xəbədə o da qeyd olunub ki, məqsəd tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməkdir. 

Eyni zamanda niyyət bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır. Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub. 

Məsələnin əhəmiyyəti barədə “Sherg.az”a danışan Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli bildirib ki, Azərbaycanda erməni dilinin tədrisi vacibdir: 

“Bir neçə il öncə BDU-da ermənişünaslıq mərkəzi yaratmışdılar. Sonu necə oldu bilmirəm. Təkcə İqtisad Universitetində yox, başqa universitetlərdə də beynəlxalq əlaqələrlə bağlı ixtisaslarda erməni dilinin öyrədilməsi vacibdir. Buna səbəb yalnız o olmalı deyil ki, Ermənistan bizə düşmən ölkədir. Məsələ ondadır ki ,bu dili bilməklə biz  erməni mənbələrini oxumalı, informasiya qaynaqlarına gedib çıxmalıyıq. İkinci bir tərəfdən Ermənistan bizə qonşu dövlətdir. Hazırda münasibətlərlə bağlı müəyyən isinişmələr də var. Biz bütün qonşu dövlətlərin dilini bilib mədəniyyətləri ilə tanış olmalıyıq. Bu sahədə mütəxəssislərimiz yetişməlidir. Bu cür ixtisasların açılması vacibdir”. 

Professor bəzi ixtisaslarda erməni dilinin tədrisinin önəmli olduğunu vurğulayıb: 

“Məsələn, regioşünaslıq, politologiya, sosial bilimlər kimi ixtisaslarda erməni dilinin tədrisi vacibdir. Hazırda bunu bir kampaniya kimi davam etdirməyə ehtiyac yoxdur, amma erməni dili Azərbaycan strateji düşüncəsi üçün vacib olan bir dildir və biz onu öyrənməliyik. Əvəllər bizim erməni dili bilən mütəxəssislərimiz çox idi. İndi onlar tədricən sıradan çıxıb. Bir qismi fəaliyyətini dayandırıb, digər qismi dünyasını dəyişib. Hazırkı durumda bizim bu dili bilməyimizi zəruri edən səbəblər var. Atılan addımı təqdir edirəm, alqışlayıram”.