Zəngəzur dəhlizinə kim, necə nəzarət edəcək? – AKTUAL ŞƏRH 


Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub.Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq,Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Danışıq zamanı Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb. 

Mövzu ilə bağlı “Sherg.az”a şərh edən siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, kommunikasiyaların açılması məsələsi uzun müddətdir, gündəmdə idi:

“Rusiya diplomatiyasında bu məsələ dəfələrlə vurğulanıb. Eyni zamanda Ermənistan rəhbərliyində də belə bir mövzu müzakirə olunurdu. Sözsüz ki müəyyən bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan və Türkiyə israrla bu sözügedən məsələnin üzərinə gedirdilər. Çünki müharibənin dayandırılmasının əsas şərtlərindən biri  məhz Zəngəzur dəhlizinin açılması idi. Ona görə də uzun zamandır, bu mövzu ətrafında fikir mübadiləsi aparılırdı. Amma Ermənistan rəhbərliyi xeyli müddət bunun üstündən keçməyə çalışdı. Zəngəzur dəhlizinin müzakirəsini gündəmə gətirmək istəmirdilər. Hətta kommunikasiya məsələsi ilə əlaqədar olaraq İranla yaxınlaşması müşahidə olunurdu. İranın bu prosesdə fəallaşması Rusiyada qıcıq yaradırdı və onun  Ermənistana təsir göstərməsini heç cür qəbul edə bilməzdi. 

Bu da Rusiyanı təhrik etdi ki, Zəngəzur dəhlizi mövzusunda inadkarlığını artırsın və prosesi sürətləndirməyə çalışsın. Hadisələrin gedişatı Kremli bu məsələnin üzərinə getməyə məcbur etdi. 

Belə şəraitdə Ermənistan rəhbərliyi yumşalmaya gedərək fikir yürütməyə başladı ki, kommunikasiyanın açılmasına razılıq verə bilər. Bu şərtlə ki, kommunikasiya şərtlərinə Ermənistan hərbçiləri nəzarət etsin. Bu da məlum bəyanatın şərtlərinə uyğun deyil. Çünki orada açıq şəkildə yazılıb Naxçıvanla  Zəngilan arasındakı kommunikasiya xəttinə Rusiyanın Federal Təhlükəsizlik xidmətinin əməkdaşları nəzarət etməlidir”.

Ermənistan hərbçilərinin nəzarət etmə mexanizmini Rusiyaya qarşı bir addım kimi qiymətləndirən siyasi elmlər doktoru vuğulayıb ki, indiyə qədər kommunikasiyanın açılması məsələsi gündəmdə olsa da, onun şərtləri məlum deyil: 

“Ona kim nəzarət edəcək, dəhliz formasındamı olacaq, ya dəmir yolu kimi bunlar məlum deyil. Bu şərtlər Azərbaycan Rusiya və Ermənistan dövlət başçılarının görüşündən sonra bəlli olacaq. Şübhəsiz hər iki tərəfin öz tələbləri olacaq”.