ƏDV-nin ləğvi böyük mədəniyyət hadisəsi olacaq

Şahbaz Xuduoğlu: "Mən əminəm ki, bu qanun qüvvəyə minəndən sonra həm kitabların qiyməti ucuzlaşacaq, həm də kitab oxucularının sayı artacaq"

Milli Məclisdə kağızın, kitabın idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak ediblər.

  Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq. Dinləmədə qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizdə bu prosesin uzun müddətdir getdiyini bildirən naşir, tərcüməçi-yazar. "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu qeyd edib ki, bir çox ölkələrdə kitablar üzərinə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) çoxdan ləğv olunub: 

“Nəhayət ki, bizdə də  prezidentin təşəbbüsü ilə bununla bağlı parlamentin müvafiq komissiyasına qanun layihəsi təqdim olundu. Və bu qanun  layihəsi ilə kitab məhsullarının, kitab üçün istifadə olunan kağız məhsullarının üzərinə tətbiq olunan  ƏDV ləğv olunacaq. Bu, kitabın təşviqi baxımından təqdirəlayiq addımdır. Mən əminəm ki, bu qanun qüvvəyə minəndən sonra həm kitabların qiyməti ucuzlaşacaq, həm də kitab oxucularının sayı artacaq, yazıçılıq, yazmaq sənəti stimullaşacaq. Bir kitabın satış qiyməti 20 faiz aşağı aşağı düşəcəksə, deməli, oxucu istədiyi bir kitabı daha asan əldə etmək və oxumaq imkanına sahib olacaq”.

  Naşir  bütün bunları nəzərə alaraq bu addımın böyük mədəniyyət hadisəsi olduğunu vurğulayıb.