İlk hərbi təhsildən başlamaq lazımdır


Ordunun türk modelinə keçidi bütün hərbi sistemə sirayət etməlidir

Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Bunu Türkiyənin Milli müdafiə nazir Hulusi Akar ölkə parlamentində nazirliyin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan Ordusunun modernləşmə, təlim və hazırlıq fəaliyyətlərinə dəstək göstərir, işğaldan azad edilmilş ərazilərdə minaların birgə təmizlənməsi prosesini davam etdirir.

"Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Təhlükəsizlik başda olmaqla bütün sahələrdə əməkdaşlığımızın nəzərdə tutulduğu Şuşa bəyannaməsi də bu istiqamətdə atılan tarixi bir addımdır",- deyə H.Akar bildirib.

Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirib ki, digər güc strukturları kimi Azərbaycan Ordusu da davamlı olaraq inkişaf etdirilməli, modernləşdirilməli, yeni müasir silahlı mübarizə metodları tətbiq etmək üçün  güc, imkan və vasitələr əldə etməlidir. 
Hərbi ekspert qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: 

“Bizim modernləşmədə türk ordu modeli artıq qəbul edilib. Komanda sistemləri, komanda əməliyyat hərbi hissələri yaradılır. Yeni yaradılan quru qoşunları da türk modelinə keçidin bir hissəsi kimi qəbul edilə bilər. Ordunun modernləşdirilməsi paralel olaraq həm yeni silah sistemlərinin əldə olunması, həm də yeni ştat  strukturlarına keçid ilə əlaqəli olacaq. Ən əsası isə biz hərbi təhsil sistemlərimizi bir-birinə uyğunlaşdırmalı, türk təlim-tədris sistemini Azərbaycanın hərbi məktəblərində tətbiq etməkdə maraqlı olmalıyıq. Modernləşməni məhz ilk növbədə təhsildən başlayıb, ştat, struktur, təlim, zabit heyətinə qədər davam etdirməliyik”.