Hərb sahəsində YENİLİKLƏR:“Türkiyə modelinə uyğun yol xəritəsi...”

Hərbçilərin iş saatı ilə bağlı yeni qaydalar müəyyən edilir. Qaydalar “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə görə, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həftəlik xidmət vaxtı 40 saatdan çox ola bilməz.Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək məqsədilə hərbi hissənin (bölmənin) günün nizam qaydaları ilə müəyyən edilir. 

Eyni zamanda, qanun layihəsində hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq iki aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.

İkinci Qarabağ savaşından qalib ayrılan ölkənin, qalib  hərbçiləri üçün  müəyyən edilmiş bu qaydalar şübhəsiz ki, onlar üçün stimul olacaq. Bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a danışıb. O, müharibədən sonrakı dönəmdə hərbi qulluqçulara göstərilən diqqətin daha artırıldığını söyləyib. Bildirib ki, hərbçilərin statusu onların sosial məsələləri ilə bağlı sənədlər beynəlxalq aləmdə qazanılmış təcrübələr əsasında yenilənir: 

“44 günlük müharibədən sonra bu istiqamətdə çox geniş təhlillər aparıldı. Hər bir sahədə inkişafın xüsusi önəmi var. Xüsusilə də hərb sahəsində. Bizdə bu yöndə inkişaf  bir növ vətən müharibəsində qazanılan zəfəri təcəssüm etdirir. Azərbaycan  Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident  İlham Əliyev  ölkəmizdə Türkiyə modelinə uyğun Silahlı Qüvvələrin ordusunun yaranmasının yol xəritəsini cızıb”. 

Ş.Ramaldanov  qardaş Türkiyə ilə çox sıx əlaqələrimizin olduğunu və Türkiyə ordusunun silahlı qüvvələrində  mövcud olan quruluşun, hərb sahəsindəki qaydaların bizdə də incələndiyini vurğulayıb: 

“Həmin qaydaların ölkəmizə uyğun formasından təcrübədə istifadə olunur. Yeni qaydalar üzərində mütəxəssislər işləyib. Təkliflər əsasında da qəbul olunub”. 

Polkovnik hərb sahəsində qəbul olunan qanunların məqsədindən söz açıb. Belə qanunların prinsip cəhətdən başlıca məqsədinin bu sahəni daha da məqsədyönlü şəkildə inkişaf etdirmək olduğunu  diqqətə çatdırıb. Sonda yeni qaydaların qazanılmış təcrübələrə və aparılmış təhlilərə söykəndiyini əlavə edib.